Şriftin ölçüsü :

Saytın rəngi :

II Dünya müharibəsi iştirakçılarına qayğı dövlətin diqqət mərkəzindədir.

08 fevral 2012 | 16:00

Bəşər tarixinə 50 milyondan çox insan itkisi ilə düşən II Dünya müharibəsi Azərbaycan xalqının yaddaşında silinməz izlər qoymuşdur. Alman faşizmi üzərində qələbənin əldə olunmasında çox böyük payı olan xalqımız 640 min nəfərdən çox oğul və qızını cəbhəyə yola salmışdır ki, bunlardan da 3660 nəfəri Laçın rayon sakinləri olmuşdur. 2426 nəfər laçınlı döyüş meydanında qəhrəmanlıqla həlak olmuşdur.

 

Alman faşizmi üzərində Qələbənin əldə edilməsində 121 nəfər azərbaycanlı cəbhədə göstərdiyi xüsusi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan da bir nəfəri laçınlı Əvəz Verdiyevdir.

 

Bu gün rayon üzrə II Dünya müharibəsi iştirakçılarının sayı 34 nəfərdir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunan II Dünya müharibəsi iştirakçılarının həyat şəraiti və rifah halı ilbəil yaxşılaşır. Bu diqqət və qayğının növbəti təzahürü kimi 7 fevral 2012 – ci il tarixdə Respublika Veteranlar Şurasının rayon təşkilatının sədri, II Dünya müharibəsi iştirakçısı Cəmşid Tağı oğlu Tağıyevə minik avtomobilinin təqdimetmə mərasimi keçirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən son 4 il ərzində bu yeddinci minik avtomobilidir ki, laçınlı müharibə veteranlarına hədiyyə olunur.

 

Çoxsaylı rayon İctimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Sultanov iştirak etmişlər.

 

Tədbirdə çıxış edən dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri minnətdarlıq hissi ilə qeyd etmişlər ki, ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müharibə veteranlarına göstərilən diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Sonda çıxış edən Cəmşid Tağı oğlu Tağıyev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü və minnətdarlığını bildirmiş, bu yüksək hədiyyənin bütün laçınlı müharibə veteranlarına verilən qiymət kimi dəyərləndirmişdir. Cəmşid Tağıyev həmçinin, möhkəm surətdə əmin olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək ata-baba yurdu Laçına o, bu maşınla qayıdacaqdır.

 

Keçidlər