Şriftin ölçüsü :

Saytın rəngi :

21 Sentyabr - Beynəlxalq Sülh Günüdür

09 sentyabr 2022 | 17:28

    Hər il  21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə dövlət, habelə vətəndaş cəmiyyəti qurumları və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.  Respublikamızda  “Beynəlxalq Sülh günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 21 avqust-21 sentyabr tarixlərində  “Sülh aylığı” elan edilmişdir ki, həmin dövr ərzində bir çox kütləvi maarifləndirmə tədbirləri keçirilir.  

    2022-ci il 9 sentyabr  tarixdə Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi regional bölməsinin birgə təşkilatçılığı ilə rayonun Gigiena və Epidemologiya Mərkəzinin  binasında  “21 sentyabr - Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi.

    Tədbirdə Laçın  rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Məhəmməd Şahbazov cıxış edərək Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini və bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirildiyini diqqətə  çatdıraraq qeyd etdi ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı. Bu əsaslar Azərbaycan xalqının və onun ən böyük maddi-mənəvi sərvətlərindən olan Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu.

     Bildirildi ki,  istər 44 günlük Vətən müharibəsi dövründə istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı  humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur.

      Qeyd olunub ki,  Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır. Bu baxımdan dövlətimiz tərəfindən  Ermənistana dəflərlə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamaq təklif edilməsinə baxmayaraq bu ölkədə revanşist ritorika ilə müşayiət olunan  Ermənistanın hakim və müxalif siyasi xadimlərini birləşdirən antiazərbaycan nifrət çağrışları kövrək normallaşma prosesini risk altına alır. Lakin həmin riskin nə ilə nəticələnəcəyini  indi Ermənistanda hər kəs yaxşı anlayır.

    Çıxışda o da vurğulanıb  ki,  dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunmasına göstərdiyi xidmətlərə görə ölkəmizin  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə daim  fərqlənib. Belə ki,  Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən  “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə”, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfə vermək niyyətini ifadə etməklə yanaşı, sülhün təşviqində  böyük rol oynayıb.

     Tədbirdə DQİDK-nın Ağcabədi  bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid  Məlikzadə  mövzu ətrafında geniş məruzə edərək ölkədə və dünyada sülhün qorunub saxlanılmasında dövlət-din münasibətlərinin əhəmiyyətindən danışmış, çoxkonfessiyalı ölkəmizdə dövlət başçısı tərəfindən bu sahəyə həsasslıqla yanaşılaraq daim qayğı göstərildiyini bildirmişdir.

    Qarşılıqlı dialoq şəraitində keçən tədbirdə iştirakçılar qəti əminliklə bildirmişlər ki,  ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı sayəsində görülən işlər, xüsusilə Avropa İttifaqı səviyyəsində aparılan danışıqlar öz bəhrəsini verəcək, tezliklə bölgədə əbədi sülhə nail olunacaqdır.

Keçidlər