21 Sentyabr Beynəlxalq Sülh Günüdür. 14.09.2026
21 sentyabr tarixi hər il bütün dünya “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Bu əlamətdar gün münasibətilə ölkəmizdə həm dövlət, həm də vətəndaş cəmiyyəti qurumları və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda “Beynəlxalq Sülh günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilmişdir ki, həmin dövr ərzində bir çox kütləvi maarifləndirmə tədbirləri keçirilir.
14 sentyabr 2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxana Sisteminin binasında “21 sentyabr – Beynəlxalq sülh günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının, Laçın Rayon Mərkəzi Kitabxana Sisteminin məsul əməkdaşları, həmçinin ziyalılar və ictimaiyyət nümayəndələri cıxış edərək Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini və bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirildiyini diqqətə çatdıraraq qeyd ediblər ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı. Bu əsaslar Azərbaycan xalqının və onun ən böyük maddi-mənəvi sərvətlərindən olan Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu. Regionda əbədi olaraq sülhün və sabitliyin tam bərqərar olması məqsədilə atılan mühüm addımlardan biri də ABŞ, Azərbaycan və Ermənistan dövlət başçılarının 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda iki dövlət arasında münaqişəni bitirmək və ölkələr arasında əlaqə qurulması üçün sülh müqaviləsinin paraflanması olmuşdur.
Tədbirdı çıxış edən digər natiqlər qeyd etdi ki, istər 44 günlük Vətən müharibəsi dövründə istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur. Çünki, Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır.
Eyni zamanda tədbir zamanı vurğulanıb ki, dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunmasına göstərdiyi xidmətlərə görə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə daim fərqlənib. Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə”, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfə vermək niyyətini ifadə etməklə yanaşı, sülhün təşviqində böyük rol oynayıb. Tədbir iştirakçıları ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı sayəsində görülən işlər, xüsusilə Beynəlxalq səviyyədə aparılan danışıqların öz bəhrəsini verərək, tezliklə bölgədə əbədi sülhün və sabitliyin bərqərar olacağına əminliklərini ifadə etdilər.






