Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir.

03 sentyabr 2014 | 15:00

03 sentyabr 2014-cü il tarixdə Laçın Rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir. Konfransdan  əvvəl rayonun çoxsaylı təhsil işçiləri və ictimaiyyət nümayəndələri Taxta körpü qəsəbəsindəki Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.                           
         Rayon Mədəniyyət evində    keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə öz işinə başlamışdır.
Konfransda Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev “2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayon təhsil sistemində əldə edilmiş uğurlar, həmçinin problem  və geriliklər ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, ölkə Prezidentinin daim diqqət və qayğısı ilə əhatə olunan laçınlı təhsil işçilərinin  ötən tədris ilində əldə etdikləri ən önəmli nəticə isə rayon üzrə bir nəfər qabaqcıl təhsil işçisinin “Əməkdar  müəllim”, adına layiq görülməsidir.
Eyni zamanda bildirilmişdir ki, 2014-cü ildə rayonun ümumtəhsil məktəblərini bitirən 626 nəfər məzundan 469 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmiş, qəbul imtahanlarında iştirak edən məzunların 54 faizi, yəni 254 nəfəri tələbə adını qazanmışdır.  Bu, Laçın rayonu üzrə son 22 ildə ən yüksək göstəricidir.  2011-ci ildə qəbulolma 30%, 2012-ci ildə 37%, 2013-cü ildə 44%, 2014-cü ildə 54% olmuşdur. Məzunlardan 10 nəfəri Respublikanın Ali Hərbi Akademiyalarına, 3 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Məzunlardan  21 nəfəri  500-dən yuxarı, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplamışdır.
  Konfransda yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edilərkən bildirilib ki, 10 məktəb əsaslı, 11-i cari təmir olunub. Məktəblərə 142 ədəd parta, 70 ədəd yazı lövhəsi, 120 ədəd kitab rəfi, 160 ədəd müəllim stolu, 131 ədəd stul, 300 ədəd soba, 70 ədəd noutbuk verildiyi bildirilmişdir.
Yeni dərs ili ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 1596 dəst məktəbli forması və Heydər Əliyev Fondu tərəfindən birinci siniflərdə oxuyacaq uşaqlara hədiyyəsi olan 1143 ədəd məktəbli çantası və yazı ləvazimatları məktəblilərə çatdırılmışdır.
Məktəblərin ixtisaslı kadrlarla təminatını yaxşılaşdırmaq üçün 33 nəfər müəllim Təhsil Nazirliyinin göndərişi ilə nəzərdə tutulmuş məktəblərə göndərilmişdir.
Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını  bildirmişlər.
       Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov  çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm  Sərəncamların imzalandığını qeyd edərək məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
  Rayon rəhbəri həmçinin bildirmişdir ki, təhsil müəssisələrinin fəaliyyəti  daim Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmışdır. Görülmüş işlərlə yanaşı rayonun təhsil sistemində mövcud olan nöqsanlara münasibət bildirən rayon rəhbəri Təhsil şöbəsi və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması ilə bağlı  tapşırıqlarını vermişdir..
         Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Ənvər İmanov da iştirak  etmişdir.
Konfransda həmçinin  ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər