Laçınlı məcburi köçkünlərlə Qəbələ rayonunda növbəti görüş-səyyar qəbul keçirildi.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun növbəti səyyar qəbulu 27 avqust 2014-cü il tarixdə Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Qəbələ şəhərində keçirilmişdir. Görüş-səyyar qəbulda Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış rayon sakinlərindən 65 nəfəri iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərə olan hərtərəfli diqqət və qayğıdan ətraflı söhbət açaraq bunun bariz nümunəsi kimi digər bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da məcburi köçkünlər üçün yaradılmış şəraitdən danışaraq ərazidə son dövrlərdə 21 laçınlı məcburi köçkün ailəsinin rahat mənzillərlə təmin olunduğunu qeyd etmişdir.
Qeyd olunmalıdır ki, hazırda faktiki olaraq Qəbələ rayonu ərazisində Laçından 62 ailə 223 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müasir ordu quruculuğunun inkişafından razı qaldıqlarını və tezliklə yağı düşməndən ata-baba yurdlarının azad ediləcəyinə əminliklərini bildirmişlər.
Görüşdən sonra vətəndaşların səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda 17 nəfər rayon sakini onları narahat edən müxtəlif problemlərlə bağlı müraciət etmişlər. Qaldırılmış məsələlər həssaslıqla dinlənilərək onların həlli üçün aidiyyəti üzrə konkret tapşırılqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
Görüş-səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının məsul işçisi Aqşin Əliyev iştirak etmişdir.