2025-ci il “Konstitusiya və Suverenlik ili”- Möhtəşəm Zəfərin davamıdır. 17.07.2025
17 iyul 2025-ci il tarixdə Ağcabədi rayonu ərazisində laçınlıların müvəqqəti məskunlaşdığı Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili”- Möhtəşəm Zəfərin davamıdır mövzusunda tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının binasında keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin əməkdaşı Cavid Məlikzadə, YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.
Tədbir başlamazdan əvvəl iştirakçılar tərəfindən Xalqımızın Ulu Öndəri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Dəyirmi masa ətrafında təşkil olunan tədbiri Məhəmməd Şahbazov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsinin ictimaiyyətdə məmnunluq doğurduğunu bildirdi. Tarixi əhəmiyyət kəsb edən bu sərəncamın Konstitusiyaya və dövlət suverenliyinə ali ehtiram olmaqla, dövlətimiz xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirdiyini qeyd etmişdir. Prezidentin sərəncamında vurğulandığı kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul olunduğu, Dövlət başçısının Sərəncamında vurğulandığı kimi, "2025-ci ildə Konstitusiyamızın qəbul edilməsin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq belə bir qərar verildiyi , 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusion quruluş və dövlət suverenliyi bərpa edilib" deyə natiq vurğulamışdır.
Sonra tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin əməkdaşı Cavid Məlikzadə 2025-ci il “Konstitusiya və Suverenlik ili”- Möhtəşəm Zəfərin davamıdır mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə 30 ildən artıq davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Ölkəmiz bütün daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etdi. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrildi. Prezident cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini bildirən natiq 2025-ci ilin Azərbaycanın inkişaf tarixində özünəməxsus yer tutacağına əminliyini bildirmişdir.
Tədbirdə edilən digər çıxışlarda Dövlət başçısı cənab İlham Əliyevin: “Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və dünya da artıq yeni reallıqları qəbul edib. 2025-ci ildə də bu reallıqların konstitusion tələblər çərçivəsində daha dərindən təsdiqlənəcəyi şübhəsizdir. Görünən odur ki, Fransadan tutmuş Amerikayadək heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və onu yolundan çəkindirə bilməz” fikrinə istinad etməklə milli mədəni irsimizin qorunması və təbliğində dövlətimizin Birinci vitse Prezidenti, Mehriban xanım Əliyevanın çox şaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynadığı, erməni vandalları tərəfindən dağıdılmış milli-mədəni-dini abidələrin yenidən bərpa edilməsində həyata keçirilən layihələr, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi olduğu vurğulanmışdır.






