2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilmişdir.
2023-cü il 15 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 101 ünvanda fəaliyyət göstərən 28 nömrəli Laçın tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 3-cü bəndinin icrası ilə əlaqədar Laçın rayonundan olan elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın rayonundan olan ölkəmizin müxtəlif ali təhsil müəssisələrində işləyən tanınmış elm xadimləri, rayonun qabaqcıl ziyalıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli açaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Ümummilli lider qısa zaman kəsiyində ölkəmizdə sabitliyi təmin etmiş, Azərbaycanı inkişaf yoluna çıxarmışdır. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Rayon rəhbərinin çıxışında o da qeyd olunmuşdur ki, son 20 ilə yaxın bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirməklə müstəqilliyimizi möhkəmləndirərək, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu daha da artırmış, qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımız erməni işğalçılarından azad edilərək bütün köçkünlərin torpaq həsrətinə son qoyulmuşdur.
Tədbirdə məruzə ətrafında çıxış edənlərdən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Şahbaz Muradov, tarixçi-alimlər Şikar Qasımov, Ələmdar Şahverdiyev, hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov, rayon ziyalısı Əmirxan Zeynalov, tarix elmləri doktoru Solmaz Məhərrəmova, fəlsəfə doktoru Səlim Səlimbəyli, Dövlət İdarəçilik Akademiyasının dosenti Elnur Əliyev, Milli Məclisin deputatı Mahir Abbaszadə Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs etmişlər.
Sonda Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən silsilə tədbirlər il ərzində davam etdiriləcəkdir.