Gənclər günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir
2 fevral 2012 – ci il tarixdə Laçın rayon icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdikləri Ağcabədi rayonu ərazisindəki Taxta-körpü qəsəbəsində “Gənclər günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl laçınlı gənclər Ulu Öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü və Taxta körpü qəsəbəsində rayon şəhidlərinin əziz xatirəsinə inşa olunmuş Xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər gül dəstələri düzmüşlər.
Qəsəbədəki klub-icma mərkəzində çoxsaylı rayon gənclərinin iştirakı ilə keçirilən tədbir rayon Gənclər və idman idarəsinin rəisi Natiq Mustafayev tərəfindən açıq elan olunmuş, laçınlı gənclər Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad etmişlər. Tədbirdə ötən müddət ərzində rayon gəncləri ilə aparılmış işlər barədə geniş məlumat verilmiş, bu sahədə əldə olunan uğurlardan danışılmışdır. Sonra tədbirdə iştirak edən Laçın rayon İcra Hakimiyyət başçısının birinci müavini İlham Quluyev rayon gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Gənclər siyasəti sahəsində həyata keçirilən uğurlu siyasətdən ətraflı danışmışdır. O, çıxışında xüsusilə qeyd etmişdir ki, 24 dekabr 2011- ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birlikdə laçınlı məcburi köçkünlərin qonağı olmasının, onlar üçün ərazidə inşa edilmiş qəsəbənin açılışında iştirak etməsinin, şərəfli ömür yolunun 50 illik yubileyini doğma ailə üzvü hesab edərək laçınlılarla birlikdə qeyd etməsinin hər bir laçınlını ürəkdən sevindirdiyini və rayonumuzun tarixinə qızıl hərflərlə yazıldığını bildirmişdir.
Tədbirdə çıxış edən digər gənclərdə onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmiş, bundan sonrada dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini bildirmişlər.
Tədbirdə ordudan yenicə tərxis olunmuş gənclərə, həmçinin rayonun ictimai siyasi həyatında fəal iştirak edən gənclərə fəxri Fərman və qiymətli hədiyyələr verilmişdir.
Tədbir rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir. Rəngarəng musiqi sədaları altında keçən tədbir iştirakçılarda xoş əhval ruhiyyə yaratmışdır.