Şriftin ölçüsü :

Saytın rəngi :

2 İyul - Polis işçilərinin peşə bayramı günüdür

02 iyul 2022 | 11:31

         Azərbaycan polisinin fəaliyyəti tariximizin xanlıqlar dövründə görünməyə başlayıb. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri;-Bakı Şəhər upravasının polisi;-Bakı xüsusi Vergi polisi;-xəfiyyə polisi;-Gəncə, Zəngəzur, Şuşa, Cavad və s. qəzaların polis idarələri fəaliyyət göstəriblər. Lakin bu gün müstəqil dövlətçiliyimizin  ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin yaranmasının 103 yaşı tamam olur.

           Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə, 02 iyul 1918-ci ildə  yaradılan Polis bölüyü, 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.

        1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində, ilk Daxili işlər naziri Həmid Sultanovun rəhbərliyi ilə  fəaliyyətə başlayan  Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan olsa da,  həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

           18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyətə başlamışdır.  

           Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunaraq, onun funksiya və vəzifələri dəqiqləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin  1998-ci il 24 may tarixli fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.

           Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyi illər ərzində istər daxili münaqişələr, istərsə də mənfur erməni daşnakları ilə müharibədə Azərbaycan polisi xüsusi şücaət göstərmiş, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

           Laçın  Rayon Polis Şöbəsinin əməkdaşları da ərazilərimizin düşmən hücumundan müdafiəsi zamanı gedən döyüşlərdə fəal iştirak etmiş, torpaqlarımızın müdafiəsi zamanı onlarala  polis əməkdaşı müxtəlif xəsarətlər almış, 43 nəfər şəhid olmuş, onlardan üç nəfəri Güləliyev Oqtay Güləli oğlu, Şahverdiyev İsrafil Şahverdi oğlu və Eyvazov Qorxmaz Abış oğlu  ölümlərindən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına, üç nəfəri “Azərbaycan Bayrağı “ ordeninə bir nəfəri isə  “İgidliyə görə” medala  layiq görülmüşlər.

         Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də laçınlı polis əməkdaşları fədakarlıq göstərib, işğal altındakı torpaqlarımızın azad edilməsində yaxından iştirak ediblər.  Bu gün də əməkdaşları sırasında onlarca Vətən müharibəsi iştirakçısı olan Laçın polisi öz xidmətini layiqincə yerinə yetirməklə,  Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşiblər.  Hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunması polis işçilərinə göstərilən qayğının təzahürü olmaqla onların  Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyev ideyalarına və ölkə  Prezidenti cənab  İlham Əliyevə olan əbədi sadiqliklərinin göstəricisidir.

          Polisin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm” ifadəsi Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə  yerinə yetirmələrinə verilən ən yüksək qiymət olmaqla onların işinə yeni stimul verir.

          Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun bütün polis işçilərini  bu peşə bayramı günü münasibətilə  təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır, onların bundan sonra da xidməti vəzifələrinin yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirəcəklərinə  əminliyini bildirir.

Keçidlər