2 iyul - Azərbaycan polisi günü ilə bağlı tədbir keçirilmişdir. 02.07.2025
Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan polisinin yaranmasının 107-i ildönümü və 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə keçirilən tədbirdə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Laçın Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə Ulu Öndər Heydər Əliyevin ucaldılmış büstünü və ərazidə şəhidlərin xatirəsini əbədiləşdirən abidə - kompleksi ziyarət edərək hər iki abidə önünə tər güllər düzərək unudulmaz ehtiramlarını bildirmişlər.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik etmiş, Azərbaycan polisinin yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini vurğulamışdır. Xüsusilə ölkə başçısı cənab İlham Əliyevin : “Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmişdir. Bunu 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərdə bir daha sübut etdi. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur” fikrinə istinad edək, dövlət başçısının polis işçilərinə daim diqqət və qayğı ilə yanaşdığını, bunun polislərin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəltdiyini qeyd etmişdir. Tədbirdə digər çıxış edənlər Azərbaycan polisinin dövlətçiliyimizin möhkəmləndirilməsində və cinayətkarlığa qarşı mübarizədə fədakarlığından söz açaraq ,öz təbriklərini bildirmişdir.
Laçın Rayon Polis şöbəsinin rəisi Adil Əsədov tədbirdə çıxış edərək şəxsi heyəti bayram münasibətilə təbrik etmiş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən polis işçilərinə yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açaraq, dövlət başçısına dərin minnətdarlığını bildirmişdir
Sonda rayon rəhbəri peşə bayramı münasibəti ilə Laçın Rayon Polis Şöbəsinin rəhbər və bütün şəxsi heyətini bir daha təbrik etmiş, uzun illər daxili işlər orqanlarında xidmət etmiş, hazırda təqaüdə göndərilən, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Aqşin Məmmədova qiymətli hədiyyə və Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını, eləcədə xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etmişdir.






