Laçınlılar Azərbaycan polisinin yaranmasının 96-ci ildönümünü qeyd etdilər.
2 iyul Azərbaycan polisi günü münasibətilə Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Laçın rayon ictimaiyyəti nümayəndələri və polis əməkdaşları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədə rayon şəhidlərinin əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksini ziyarət edərək, hər iki abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir Rayon İcra Hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açdıqdan sonra Qarabağ müharibəsi zamanı həlak olmuş polis əməkdaşları və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra Tofiq Mirzəyev çıxış edərək rayonun bütün polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamış, Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaraq Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə hər ilin 2 iyul gününü Azərbaycan Polisi günü elan olunduğunu qeyd etmişdir. Azərbaycan polisinin bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin təmin olunmasında önəmli rol oynadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ən çətin anda, ən dar məqamda polis həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir.
Xalqımızın Ulu öndəri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan polisinin öz xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyi, ölkəmizdə davamlı sabitliyin qorunmasını daim nəzarətdə saxladığı xüsusilə qeyd edilmişdir.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri də polis işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında polis orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.