15 iyun Milli Qurtuluş gününü laçınlılar yüksək bayram sevinci ilə qeyd etmişlər.
15 iyun Milli Qurtuluş günü ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir. Çoxsaylı tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri qoyaraq Ulu Öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər. Sonra tədbir Taxta körpü qəsəbəsindəki Heydər Parkında davam etdirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 1997-ci ildən xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi dövlət səviyyəsində qeyd edilən bu əlamətdar bayram münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bu tarixi günün müasir tariximizə qızıl hərflərlə yazıldığını qeyd etmişdir. Natiq öz çıxışında müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə həmin illərdə ölkəmizi düçar olduğu vətəndaş müharibəsindən, xaos və anarxiyadan, tarixi nailiyyətimiz olan dövlət müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən xilas edildiyini bildirməklə, insanlarda yaşamaq əzminin yüksəldiyini, ölkədəki özbaşınalığa son qoyulduğunu, qanunsuz silahlı birləşmələrin ləğv edilərək dövlət çevrilişlərinin qarşısının alındığını bildirmişdir. Həmçinin, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldığını, cəbhədə atəşkəsə nail olunmaqla Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm ordu quruculuğuna başlanıldığını və bütün diplomatik vasitələrin işə salındığını qeyd etmişdir. Bununla yanaşı tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə ölkəmizdə bazar iqtisadiyyatı prinsipi əsasında Qərbə inteqrasiya yolu tutularaq mühüm iqtisadi islahatlar, torpaq və özəlləşdirmə islahatları həyata keçirilmiş, bütün kiçik və orta xalq təsərrüfatı müəssisələri özəlləşdirilmiş, xalqımızın milli sərvəti olan neft amilindən məharətlə istifadə olunaraq dünyanın aparıcı dövlətləri ilə “Əsrin müqaviləsi” in imzalanmasına nail olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, ölkəmizdə aparılan iqtisadi islahatlarla yanaşı siyasi inkişafı da nəzarətdə saxlayan Ulu öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyası 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, respublikamızda bir çox demokratik və sivil cəmiyyət quruculuğunun fundamental əsasları formalaşdırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çıxışında xüsusilə vurğulamışdır ki, 23 illik şərəfli yol keçən, müstəqil Azərbaycan dövləti bu gündə Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edərək regionda və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmiş, dövlət müstəqilliyinin sarsılmazlığını və əbədiliyi təmin edilmiş, ölkəmizin bütün sahələrində iqtisadi-siyasi yüksəlişə və tərəqqiyə nail olunmuş, ölkədə məcburi köçkünlərə olan diqqət və qayğı daha da artırılmış, laçınlıların məskunlaşdıqları ərazilərdə də yeni qəsəbələr salınaraq onların yaşayış səviyyəsi xeyli yaxşılaşdırılmışdır.
Tədbir Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivlərinin ifasında səsləndirilən rəngarəng musiqi nömrələri ilə davam etdirilmişdir. Tədbir rayon sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.