YAP Laçın rayon təşkilatının VII konfransı keçirilmişdir
14 yanvar 2012 | 16:00
13 yanvar 2012-ci il tarixdə YAP Laçın rayon təşkilatının VII konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
YAP Laçın rayon təşkilatının sədri Sevindik Hətəmov konfransı açıq elan edərək, nümayəndələrin tərkibi haqqında məlumat vermiş, sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Laçın rayon təşkilatının sədri Sevindik Hətəmov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Məruzəçi rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs etmiş, qarşıda duran həlledici vəzifələrə toxunmuşdur.
Məruzədə yaradıcısı Ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq, böyük siyasi qüvvəyə çevrilməsi xüsusilə qeyd olunmuşdur. Bu gün partiyanın nüfuzu daha da yüksəlmişdir, ona görə ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Sevindik Hətəmov məruzəsində bildirmişdir ki, YAP Laçın rayon təşkilatı özündə 30 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 1747 nəfərdən 2390 nəfərə çatmış, 2 ərazi ilk partiya təşkilatı yaradılmışdır.
Sonra konfransda Nəzarət təftiş qrupunun hesabat məruzəsi dinlənilmiş,
hər iki hesabat ətrafında çıxışlar olunmuşdur.
Konfransda təşkilatı məsələyə baxılaraq 37 nəfərdən ibarət yeni şura, 15 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilmişdir. Sevindik Hətəmov yenidən YAP Laçın rayon təşkilatının sədri seçilmişdir.
Konfransda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev çıxış edərək partiyanın cəmiyyətimizdə böyük nüfuza malik olmasından ətraflı bəhs etmişlər.
Yekunda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyev müraciət qəbul edilmişdir.