Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Kitab Bayramı – 2014” adlı tədbiri keçirilmişdir.

24 may 2014 | 15:00

23 may 2014-cü il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Kitab bayramı” adlı tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Tofiq Mirzəyev və digər nümayəndələri, o cümlədən rayon təhsil, səhiyyə şöbələrinin kollektivləri, mədəniyyət işçiləri, ziyalılar, şair və yazarlar, məktəblilər, rayonun fəal oxucuları iştirak etmişlər.
Tədbiri  Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Şükürova açaraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat vermiş, Azərbaycan mədəniyyətinə xüsusən kitabxana-informasiya sahəsinə göstərilən dövlət qayğısından danışaraq Mədəniyyət və Turizm Nazirliyinin və Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə ilboyu keçirilmiş tədbirlərdən ətraflı məlumat vermişdir. Eyni zamanda o bildirmişdir ki, hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 255159  nüsxə kitab var. Bunlardan 229295 nüsxə latın qrafikalı, 25864 nüsxəsi kiril əlifbası ilə nəşr olunmuş kitablardır. O, həmçinin tədbirlər planının icrasından söz açaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun kənd filialları tərəfindən kitab sərgiləri təşkil olunduğunu, oxucu konfransları, kitab müzakirələri, müxtəlif görüşlər, tematik gecələr, ziyalılar və müharibə veteranları ilə görüşlər keçirildiyi barədə də ətraflı məlumat vermiş, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı ədəbi bədii kompozisiya, şair Baba Vəziroğlunun anadan olmasının 60 illik yubileyi, yazıçı Cəlil Məmmədquluzadənin 145 illik yubileyi, Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “Əsrin faciəsi” adlı tədbir, 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə “Ömrümüzün bəzəyi, başımızın tacı qadınlar” adlı tədbir, Cəfər Cabbarlının 115 illik yubileyi, İsmayıl Şıxlının 95 illik yubileyi, yazıçı İsi Məlikzadənin 80 illik yubileyi, Abbas Səhhətin 140 illik yubileyi,  yazıçı Nəcəf Bəy Vəzirovun 160 illik yubileyi,  faşizm üzərində qələbənin 69 illik yubileyi münasibətilə  “Nəsillərə nümunə insan - Əvəz Verdiyevin həyat və fəaliyyəti” adlı tədbir,  bunlardan yazıçı Nazim Əhmədlinin 60 illiyinin keçirilməsini xüsusi ilə qeyd etmişdir. Bundan əlavə Mərkəzləşdirilmiş Kitabxana Sistemi xətti ilə Şuşa və Laçının işğalının 22 illiyi,  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə təntənəli tədbirlər keçirildiyi bildirilmişdir.
Kitab bayramında çıxış edən digər kitab sevərlər müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq, bədii ədəbiyyata rayon sakinlərinin arasında  böyük marağın  olduğu qeyd olunmuş, belə tədbirlərin keçirilməsinin gənc nəslin kitaba marağının yönəldilməsində böyük rolu olduğu bildirilmişdir.
Tədbirdə rayon məktəbliləri vətənpərvərlik ruhunda şerlər söylədilər, Mədəniyyət və Turizm  Şöbəsinin  hazırladığı rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında  yüksək əhval-ruhiyyə yaratdı.   
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini T. Mirzəyev çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısı Akif Səlimovun adından tədbir iştirakçılarını “Kitab Bayramı” münasibətilə təbrik etmiş,  rayonda kitab bayramı keçirilməsinin artıq ənənə halını almasını yüksək qiymətləndirmiş, kitab sevərlərə öz tövsiyələrini vermişdir.

Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir nəfər əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı,  ən fəal oxuculara isə  Rayon Mədəniyyət və Turizm Şöbəsinin Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər