Azərbaycan gənclərinin VII Forumu ilə əlaqədar Laçın rayon gənclərinin ümumrayon toplantısı keçirilmişdir.
21 may 2014-cü il tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Azərbaycan gənclərinin VII Forumu ilə əlaqədar Laçın rayon gənclərinin ümumrayon toplantısı keçirilmişdir.
Toplantıdan əvvəl çoxsaylı rayon gəncləri tərəfindən Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstü ziyarət olunaraq, önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında davam etdirilmişdir.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə Rayon Gənclər və İdman İdarəsinin müdiri Natiq Mustafayev açıq elan etdikdən sonra, üç ildən bir keçirilən Azərbaycan gənclərinin Forumunun əsasının məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirməklə, Forum haqqında geniş məlumat verdi.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə işə başlayan tədbirdə VI Forumdan keçən dövr ərzində görülmüş işlərlə bağlı Rayon Gənclər və İdman idarəsi rəisinin hesabatı dinlənilmişdir. Hesabat ətrafında çıxış edənlər ölkəmizdə və rayonda gənclərə olan diqqət və qayğıdan danışmışlar.
Bakı şəhərində keçiriləcək Azərbaycan gənclərinin VII Forumuna nümayəndələrin seçilməsi ilə davam etdirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış etmişdir. Çıxışında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, həmçinin 2003-cü ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən “Dövlət gənclər siyasəti”nin ölkəmizdə həyata keçirilməsindən danışan rayon rəhbəri, rayon gənclərinə öz tapşırıq və tövsiyyələrini vermişdir.
Tədbirin yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon gənclərinin VII ümumrayon toplantısı iştirakçıları adından müraciət qəbul olunmuşdur.