LAÇININ İŞĞALINDAN 22 İL ÖTÜR
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin may ayının 18-də işğal edilməsinin 22 ili tamam oldu. Faciənin ildönümü ilə əlaqədar 18 may 2014-cü il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Anım tədbirlərində Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, Qarabağ müharibəsi döyüşçüləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir şəhidlərimizin ruhuna dualar oxunması ilə başladı.Sönra Şəhidlər Xiyabanında uyuyan soydaşlarımızın məzarları üzərinə tər qərənfillər düzüldü və rayon rəhbərliyi adından Əbədi Məşəl önünə əklil qoyuldu. Bundan sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi döyüşçüləri və şəhid ailələri ilə birlikdə Laçın və digər ərazilərimizin müdafiəsi zamanı canlarını qurban vermiş Şəhidlərimizin məzarlarını bir-bir ziyarət edərək onların ailə üzvüləri ilə görüşdü və hər biri haqqında öz xatirələrini danışdı. Bu diqqətə görə minnətdarlıqlarını bildirən şəhid ailələri qeyd etdilər ki, son bir il ərzində rayon rəhbərliyi tərəfindən göstərilən qayğını özləri üçün böyük bir təsəlli hesab edir,Vətən uğrunda qurban gedənlərin heç bir zaman unudulmayacağın əminlikləri daha da artır. Azərbaycanın Milli Qəhramanları İsrafil Şahverdiyevin, Oqtay Güləliyevin və digər şəhidlərin məzarı başında onların ailə üzvləri ilə görüşən RİH başçısı A.Səlimov bildirdi ki, mən öz varlığım qədər inanıram və istəyirəm siz də əmin olasınız ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı altında ərazilərimiz işğaldan azad ediləcək. Peşəkarlıq səviyyəsinə və təchizatına görə ən müasir tələblərə cavab verən Azərbaycan Ordusu verilən hər hansı bir tapşırığı ən qısa müddətdə və müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Hər zaman olduğu kimi bu gün də ərazilərimizin işğaldan azad edilməsi üçün hər bir Azərbaycan vətəndaşı ölkə prezidenti ilə həmrəydir və bu istiqamətdə atılan hər bir addımı dəstəkləməyə, müdafiə etməyə hazırdır. Biz inşallah ərazilərimizi işğaldan azad edildikdən sonra bir millət olaraq Şəhidlərimiz qarşısında olan borcumuzu yerinə yetirmiş olacağıq və vaxtilə onların döyüşdüyü yerlərdə onlara layiq şəkildə adlarını əbədiləşdirəcəyik. İnanıram ki, bundan sonra onların nigaran ruhları da öz dincliyini tapacaq. Sizi əmin etmək istəyirəm ki, bu qayıdış yaxın zamanlarda olacaq, özü də ölkə Prezidenti İlham Əliyev cənablarının iradəsi ilə. Biz doğma torpaqlarımıza qayıtdıqdan sonra ən qısa müddətdə əvvəlkindən də gözəl şəkildə şəhərlərimizi, kəndlərimizi bərpa edəcək, əhalimizin rahat yaşayışını təmin edəcəyik. Biz hər gün-hər zaman o böyük və müqəddəs qayıdışa hazır olmalıyıq. Hər bir istəyimiz, hər bir addımımız o qayıdışla bağlı olmalıdır. Bu qayıdışı tezləşdirməyin bir yolu da vətəndaşların orduya olan münasibətini ən yüksək səviyyəyə qaldırmaqdır. Şübhəsiz sizlər də məlumatlısınız ki, bizim bu istiqamətdə irəli sürdüyümüz təşəbbüs yüksək dövlət qurumları tərəfindən də bəyənilmiş və dəstəklənmişdir. Bu gün laçınlılar “ Hər evdən orduya bir zabit verək” devizi ilə yaşayır. Apardığımız işlərin ilk müsbət nəticələri özünü göstərməkdədir. Bu gün xeyli sayda laçınlı gənc Ali hərbi məktəblərə və liseylərə qəbul olunmaq üçün sənəd vermişdir. Biz inanırıq ki, qəbul zamanı onlara müəyyən güzəştlər də ediləcəkdir. Zabit olaraq Azərbaycan Ordusunun tərkibində ərazilərimizin işğaldan azad edilməsində iştirak etmək hər bir laçınlı üçün böyük iftixar və şərəfdir. İnşallah biz o şərəfli günləri sizlərlə birlikdə yaşayacağıq.
Cəsur kəşfiyyatçı Vaqif Salmanovun məzarı başında şəhidin ailə üzvləri ilə görüşən rayon rəhbəri qeyd etdi ki, Vaqif sadə bir peşə adamı idi. Öz əlinin zəhməti ilə ailəsini dolandırırdı. Ancaq erməni quldurları torpaqlarımıza hücum etdikdən sonra Vaqifin necə igid və vətənpərvər bir insan olduğu üzə çıxdı. Məşhur Tığik əməliyyatında və bir sıra başqa döyüşlərdə Vaqifin necə igidliklə erməni quldurlarına qarşı vuruşduğunu döyüş yoldaşları bu gün də xatırlayırlar.
Sonra Vaqif Salmanovun oğlu Hikmət Salmanov vaxtilə Laçına daxil olarkən rayon İcra Hakimiyyətinin yerləşdiyi binanın üzərinə sancmaq məqsədilə atasının daima öz üzərində gəzdirdiyi Azərbaycanın üç rəngli bayrağını Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova təqdim etdi. Rayon rəhbəri bayrağı öpərək qəbul etdi və bildirdi ki, inşallah Laçına ilk dəfə qədəm qoyan kimi döyüş yoldaşı Vaqifin arzusunu yerinə yetirəcək və bu bayrağı rayon İcra Hakimiyyətinin binası üzərinə sancacaqdır.
Şəhidlər Xiyabanına ziyarət başa çatdıqdan sonra ənənəvi olaraq hər il olduğu kimi yenə də “Fəridə” mərasim evinin rəhbərliyinin təşəbbüsü ilə sözügedən ünvanda şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Anım mərasimi müqəddəs Şəhid qanının yerdə qalmayacağı və doğma torpaqlara qayıdış inamı ilə başa çatmışdır.