Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkün ailələri üçün yeni yaşayış qəsəbəsinin açılışı

06 yanvar 2012 | 16:00

24 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədi rayonu Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün inşa olunmuş yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdir.
Dövlət başçısı cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cənab Prezidentə məlumat verərək bildirdi ki, ölkəmizdə aparılan tikinti-quruculuq işləri Laçından olan məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində də geniş vüsət almışdır. Buradakı parklarda, Şəhidlər kompleksində və Laçın rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında abadlıq işləri həyata keçirilmiş, yaşıllıqlar salınmışdır. Əraziyə 21 kilometr uzunluğunda təbii qaz xətti çəkilmiş, 4 kilometrlik içməli su xətlərində
Təmir bərpa işləri aparılmış, ərazidəki Alxaslı və Qarakeçdi obalarında modul tipli su təmizləyici qurğular quraşdırılmış, Taxtakörpü ərazisindəki avtomobil yollarında təmir işləri aparılmış, 7.9 min kvadratmetr yol asfaltlanmışdır.
Ölkə Prezidentinin diqqətinə çatdırıldı ki, respublikanın 58 rayon və şəhərində müvəqqəti məskunlaşan 71.2 min laçınlıdan 13 min nəfəri Taxtakörpü ərazisində yerləşmişdir. Qeyd olundu ki, dövlət başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əlavələr olunması haqqında 31 oktyabr tarixli Sərəncamına əsasən Ağcabədi rayonu Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün qısa müddətdə belə bir qəsəbə inşa olunmuşdur. Ümumi sahəsi 111 hektar olan qəsəbədə inşa edilən evlərin sahəsi 31 min 179 kvadratmetrdir. Hər birinin 12 sot torpaq sahəsi olmaqla qəsəbədəki evlərin 49-u birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dördotaqlıdır. Bununla yanaşı qəsəbədə müasir standartlara cavab verən 360 şagird yerlik məktəb binası, uşaq bağçası, bir klub-icma mərkəzi, qəsəbə nümayəndəliyi üçün inzibati bina, həkim-ambulatoriya məntəqəsi park və yaşıllıqlar salınmış, qəsəbə elektrik, qaz və içməli su ilə təmin olunmuşdur. Qəsəbə ərazisində yağış sularının axıdılması üçün drenaj tikilmiş, ümumi uzunluğu 15 kilometr olan yol salınmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva qəsəbədə məcburi köçkün Cənnət Əliyevin evində yaradılan şəraitlə tanış olmuş, ev sahibləri ilə çay süfrəsi arxasında səmimi söhbət etmişlər. Cənnət Əliyev yaratdığı gözəl şəraitə və göstərdiyi hərtərəfli diqqət və qayğıya görə ailə üzvləri adından ölkə başçısına təşəkkürünü və minnətdarlığını bildirdi.
Ölkə prezidenti və xanımı məcburi köçkün ailəsi ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva laçınlı məcburi köçkünlərin istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxdılar, sacda çörəyin bişirilməsi və nehrə yağının hazırlanması prosesini izlədilər. Ölkə Prezidentinə və xanımına Arıçılıq ləvazimatları və arı məhsulları nümunələri, o cümlədən təbii yolla alınan səbət arısı barədə məlumat verildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva bir qrup qəsəbə sakini ilə görüşərək onları təbrik etdi və yaradılan bu şəraitin də müvəqqəti olduğunu tezliklə işğaldan azad ediləcək bütün torpaqlarımızda onlar üçün bundan da gözəl şərait yaradılacağını bildirdi.
Məcburi köçkünlər adından çıxış edən Əmirxan Zeynalov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Qarabağ problemi ilə bağlı qətiyyətli və dəyişməz mövqeyini, apardığı uğurlu daxili və xarici siyasəti daim dəstəklədiklərini, göstərdiyi hərtərəfli diqqət və qayğıya və 50 illik yubileyinin tamam olduğu 24 dekabr tarixində laçınlı məcburi köçkünlərlə görüşə gəldiyinə görə bütün laçınlıların ən səmimi təbriklərini, xoş arzularını, minnətdarlığını və təşəkkürünü bildirdi.
Sonra məcburi köçkünlərlə xatirə şəkli çəkdirildi.
Daha sonra dövlət başçısı və xanımı 360 yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldular və məktəbin idman zalında idmançıların nümunəvi çıxışlarını izlədilər onlarla da xatirə şəkli çəkdirdilər. Məktəbin kompyuter otağı və Laçından olan məşhur şəxsiyyətlər haqqında məlumatların əks olunduğu stendlə də yaxından tanış olan ölkə başçısına və xanımına məlumat verildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov Laçında doğulub boya-başa çatmışdır.
Sonda dövlət başçısı yeni qəsəbədə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
 

Keçidlər