Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi müasir tariximizə Azərbaycanın qurtuluş dövrü kimi daxil olmuşdur.
2 may 2014-cü il tarixdə Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Gənclər birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri və təşkilatın Gənclər birliyinin üzvləri əvvəlcə Ulu öndər Heydər Əliyevin qəsəbədəki büstü önünə tər çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatında keçirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasındakı rolundan danışmış, dövlətimiz və xalqımız üçün gördüyü misilsiz xidmətlərdən bəhs etmişdir.
Yeni Azərbaycan Partiyası rayon təşkilatı sədrinin müavini Xaliq Musayev “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda məruzəsində Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmləndirilməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, böyük siyasi xadim Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə ilk gəlişi ilə ölkəmizdə milli dirçəlişin başlanğıcı qoyulmuşdursa, onun 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı müasir tariximizə Azərbaycanın qurtuluş dövrü kimi yazılmışdır.
Gənclər birliyinin sədri Vüsal Həsənov və digər laçınlı gənclər çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərə olan diqqət və qayğısından danışmış, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.