Malıbəy obasında tibb məntəqəsi üçün tikilmiş yeni binanın açılışı olmuşdur.
28 aprel 2014-cü il tarixdə Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin Malıbəy obasında tibb məntəqəsi üçün yeni tikilmiş binanın açılış mərasimi olmuşdur.
“Qartal” tikinti firmasının Prezidenti, həmyerlimiz, tanınmış iş adamı Şahin Məmmədov Laçın rayonundan olan məcburi köçkünlərə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə Taxta körpü ərazisində, tibb məntəqəsi tikib əhalinin istifadəsinə vermək təşəbbüsü ilə Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Şirinqum adlanan ərazidə yerləşən Malıbəy, Kamallı və Cağazur obalarının Taxtakörpü ərazisindən çox uzaq məsafədə yerləşməsi və bu ərazidə tibb müəssisənin olmadığı nəzərə alınaraq həmin tibb məntəqəsinin Malıbəy obasında tikilməsi məqsədə müvafiq olunmuş və 2013-cü ilin sentyabr ayından “Qartal” firmasının vəsaiti hesabına tikintisinə başlanmışdır.
Rayon ictimaiyyətinin nümayəndələrinin, xüsusilə də rayon səhiyyə işçilərinin iştirakı ilə keçirilən açılış mərasimini giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlamış, “Qartal” firmasının rəhbərliyi başda olmaqla firmanın bütün əməkdaşlarına rayon sakinləri adından təşəkkürünü bildirmişdir. Müasir inşaat normalarına cavab verən, bütün tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsinin açılışının oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə təsadüf etməsi isə böyük əhəmiyyət kəsb etmiş iştirakçılar tərəfindən razılıqla qarşılanmışdır.
Dövlət tərəfindən onlara yaradılan gözəl şəraitə görə daima ölkə rəhbərliyinə minnətdar olduğunu bildirən firma rəhbəri, dövlət qarşısında vergi verməklə borcunun bitmədiyini bildirərək, gördüyü bu işin sadəcə bir mənəvi borc olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri “Qartal” firmasının rəhbərliyinə öz təşəkkürünü bildirmiş, işlərində uğurlar arzulamışlar.
“Qartal” tikinti firmasının Prezidentinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim olunmuşdur.