Qax rayonunda müvəqqəti məskunlaşan Laçın rayon sakinləri ilə səyyar qəbul keçirilmişdir.
25 aprel 2014-cü il tarixdə Qax rayonu ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüş keçirilmişdir. Hazırda Qax rayonunda 13 yaşayış məntəqəsində 111 ailə olmaqla, 451 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır.
Görüşdə Dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Müraciət edənlər ünvanlı sosial yardım təyin edilməsi, işlə təmin olunma, maddi cəhətdən köməklik olunması, xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağar və çadır verilməsi, müayinə və müalicə məsələləri ilə əlaqədar müraciət edərək qaldırılan məsələlərin həllinə köməklik edilməsini xahiş etmişlər. Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların rəhbərlərinə tapşırıqlar verilmiş, bu məsələlərin həlli ilə bağlı görüləcək işlər nəzarətə götürülmüşdür.
Keçirilən qəbullarda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının müavinləri, şöbə müdirləri, Rayon Prokuroru, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.