Goranboy rayonunda və Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan Laçın rayon sakinləri ilə səyyar qəbullar keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun növbəti görüşləri Goranboy rayonu ərazisində laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları, məcburi köçkünlər üçün salınmış 700 ailəlik qəsəbədə və Ağcakənd qəsəbəsində keçirilmişdir. Hazırda bu yaşayış məntəqələrində 71 ailə olmaqla, 274 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır. Görüşdə Dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Görüşdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Müraciət edənlər ünvanlı sosial yardım təyin edilməsi, işlə təmin olunma, maddi cəhətdən köməklik olunması, xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağar və çadır verilməsi, müayinə və müalicə məsələləri ilə əlaqədar müraciət edərək qaldırılan məsələlərin həllinə köməklik edilməsini xahiş etmişlər. Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların rəhbərlərinə tapşırıqlar verilmiş, bu məsələlərin həlli ilə bağlı görüləcək işlər nəzarətə götürülmüşdür.
Keçirilən qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon Prokuroru, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Səyyar qəbuldan sonra Rayon İcra hakimiyyətinin başçısı Akif Səlimov 30 may 2013-cü il tarixdə səyyar qəbul zamanı sel sularından qəzalı vəziyyətə düşmüş evlərinin təmir olunması ilə bağlı müraciət etmiş rayon sakinləri Şirinova Zinyət Əhəd qızı və Şirinova Sədaqət Əli qızının təmir olunmuş evlərinə baxış keçirmişdir. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına rayon sakinlərindən birinin evi yenidən tikilmiş, birinin evi isə əsaslı təmir edilmişdir. Dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya, onlara yaradılan bu şəraitə görə rayon sakinləri dövlət başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.