Bərdə rayonunda müvəqqəti məskunlaşan Laçın rayon sakinləri ilə səyyar qəbullar keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun növbəti görüşləri Bərdə rayonu ərazisində laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları yaşayış məntəqələrindən olan “Meşəçilik” yaşayış massivində və məcburi köçkünlər üçün salınmış 866 ailəlik qəsəbədə keçirilmişdir. Hazırda bu yaşayış məntəqələrində 134 ailə olmaqla, 507 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır. Görüşdə Dövlət başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkədə və rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Hərbi vətənpərvərlik mövzusunda görüşdə iştirak edən məktəb direktorları və müəllimlərlə geniş müzakirə aparılmış, hərbi məktəblərə sənəd təqdim etmək istəyən şagirdlərlə dərsdən sonra əlavə olaraq imtahanlara hazırlaşdırılması üçün fənn müəllimləri ayrılması tapşırılmışdır.
Göüşdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi görüşlərin keçirilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirməklə onları narahat edən bəzi problemlərin həllinə köməkliklə əlaqədar rayon rəhbərliyinə müraciət etmişlər. Xüsusilə çıxış edənlərdən ünvanlı sosial yardım təyin edilməsi, işlə təmin olunma, maddi cəhətdən köməklik olunması, xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağar və çadır verilməsi, müayinə və müalicə məsələləri ilə əlaqədar, həmçinin ali hərbi məktəbə qəbulla bağlı isə 2 nəfər müraciət edərək qaldırılan məsələlərin həllinə köməklik edilməsini xahiş etmişlər.Vətəndaşların müraciətləri dinlənildikdən sonra qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilmiş, bu məsələlərin həlli ilə bağlı görüləcək işlər nəzarətə götürülmüşdür.
Keçirilən qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayonu üzrə nümayəndəsi, həmçinin inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Səyyar qəbuldan sonra Rayon İcra hakimiyyətinin başçısı Akif Səlimov evlə təmin olunmuş rayon sakini, Qarabağ müharibəsi əlili Rafiq Alıyevin evinə baş çəkmiş, ona Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunmuşdur. Çay süfrəsi ətrafında aparılan söhbət zamanı Rafiq Alıyev Qarabağ əlili kimi onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdar olduğunu bildirmişdir.