Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin tibbi müayinədən keçirilməsi uğurla davam edir

11 aprel 2014 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Laçın rayon icra hakimiyyətinin baş məsləhətçisi Cabir Əvəzzadə bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirlər görülmüşdür. Bu məqsədlə xüsusi komissiya yaradılmış, iş qrafiki tərtib edilmişdir.
Respublikanın 58 şəhər və rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərin tibbi müayinəsi 24 tibb məntəqəsində və Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində aparılır. Bundan başqa iki həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq  xəstələrinə tibbi xidmət göstərilir. Poliklinikada bu günədək Ağcabədi rayonunda məskunlaşmış 12 min 177 nəfər sakin müayinə edilmişdir. Sakinlərin 2482 nəfəri ambulator müalicəyə cəlb edilmiş, 119 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Mərkəzi rayon xəstəxanasının oftalmoloq həkimi Güllü İbadova bildirmişdir ki, laçınlı məcburi köçkünlər tibbi müayinələrdə fəal iştirak edirlər. Bu günədək poliklinika şöbəsində 200 nəfərdən çox sakin göz müayinəsindən keçmişdir. Müayinə olunan sakinlərdə əsasən qırma qüsurları, blefaritlər, presbiopiya, katarakta xəstəlikləri aşkar edilir. Xəstəlik müəyyən edilən vətəndaşlar müalicəyə cəlb olunurlar.
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Poliklinikada tibbi müayinədən keçən Malıbəy kənd sakini Əlişir Rüstəmov yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək demişdir: “Həkimlər digər sakinlər kimi məni də hərtərəfli müayinə etdilər. Müayinə zamanı oynaqlarımda duz aşkar edildi və uyğun müalicə təyin olundu. Biz köçkünlər sağlamlığımıza göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər