Tibbi müayinə ilə bağlı geniş Şura iclası keçirildi
Azərbaycan Respublikasında gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Vətəndaşların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 17-dən, mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq bunun bariz nümunəsidir.
Ölkə başçısı Cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tədbirlər 17 fevral 2014-cü il tarixdən başlayaraq, bütün respublikamızda olduğu kimi Laçın rayonunda da uğurla icra olunmaqdadır. İlk növbədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində 24 tibb müəssisəsində, Taxtakörpü ərazisində Rayon Mərkəzi Xəstəxanasında, Poliklinika şöbəsində, Bərdə və Şəki rayonlarında olan tibb məntəqələrində tibbi müayinənin aparılması nəzərdə tutulmuş, həmin tibb müəssisələrinin texniki imkanları müəyyənləşdirilmiş və gündəlik tibbi müayinəyə cəlb olunacaq əhalinin sayına uyğun olaraq qrafik tərtib olunmuşdur. Qrafikə uyğun olaraq gün ərzində müayinədən keçən vətəndaşlar haqqında məlumat işlənərək Prezident Administrasiyasına təqdim olunur. Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları bütün rayonlarda fəaliyyət göstərən rayonun tibb müəssisələrinə, Rayon İcra Hakimiyyəti başçısının kənd, qəsəbə və şəhər inzibati ərazi vahidi üzrə nümayəndələrinə əhalinin tibbi müayinədən vaxtında keçirilməsi məqsədi ilə tapşırıqlar verilmişdir. Fiziki imkanları məhdud olan xəstə və yaşlı əhalinin tibbi müayinədən keçirilməsi üçün 2 səyyar həkim briqadası yaradılmışdır.
Görülən işlərin nəticəsi olaraq 17 fevral 2014-cü il tarixdən, 28 fevral 2014-cü il tarixədək rayonun idarə , müəssisə və təşkilatlarında çalışan işçilər tibbi müayinədən keçmişdir.
Keçən dövr ərzində 10 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçmiş, onlardan 22 nəfəri stasionar müayinəyə cəlb olunmuş, 61 nəfəri isə Respublikanın ixtisaslaşdırılmış xəstəxanalarına göndərilmişdir. Rayonun səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilmiş, müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stomatoloq və dermatoloqlar cəlb olunmuşlar. Kardioqram çıxarılır, ultrasəs, rentgen, laborator müayinələr aparılır. Laçın rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak edirlər. Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür.
Əhali arasında geniş təbliğat işləri aparılmış, şəhər və qəsəbələrdə yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılmış, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən ərazi üzrə poliklinikalara müraciət edəcəklər.
Müayinədən keçən rayon sakinləri onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.