Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı 11 yaşayış məntəqəsində tibbi müayinələr başa çatmışdır

29 mart 2014 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkənin bütün vətəndaşları kimi, laçınlı məcburi köçkünlər də hamılıqla tibbi müayinədən keçirilir. Respublikanın 58 şəhər və rayonunda məskunlaşmış Laçın sakinlərinin tibbi müayinəsi 24 tibb məntəqəsində və Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsində aparılır. Poliklinikada Ağcabədi rayonunda məskunlaşmış 12 min nəfərdən çox laçınlı məcburi köçkünün müayinə olunması nəzərdə tutulur. Bu günədək 8933 nəfər sakin müayinə edilmiş, 11 yaşayış məntəqəsində əhalinin müayinəsi başa çatmışdır. Sakinlərin 1307 nəfəri ambulator müalicəyə cəlb edilmiş, 66 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirlər görülmüşdür. Dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən laçınlı məcburi köçkünlər tibbi müayinədə fəal iştirak edirlər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov bildirmişdir ki, sakinlər mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsində terapevt, kardioloq, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və sair müayinələrdən keçirilir. Bundan başqa iki həkim briqadası tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstərilir. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Poliklinikada tibbi müayinədən keçən rayon sakini Vəliş Abdullayev həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir:
- 72 yaşım var. Xeyli müddət idi ki, müayinədən keçmirdim. Bu gün digər rayon sakinləri kimi mən də hərtərəfli müayinə olundum. Həkimlər lazımi məsləhətlər verdilər. Biz məcburi köçkünlər bu yüksək diqqət və qayğıya görə Prezidentimizə minnətdarıq.

Keçidlər