Laçın rayonundan olan gənclər hərbi ixtisaslara yiyələnməkdə maraqlıdırlar.
27 mart 2014-cü il tarixdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ müharibəsi iştirakçıları, bu rayonun orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək görüşün şagirdlərin hərbi ixtisaslara yiyələnmələrinə maraqlarının artırılmasını stimullaşdırmaq məqsədilə keçirildiyini demişdir. Bildirilmişdir ki, əraziləri işğal olunmuş rayonlar üzrə orta ümumtəhsil məktəblərinin şagirdlərinin xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinə cəlb olunmalarına üstünlük verilməsi barədə Laçın Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir. Qeyd olunmuşdur ki, müraciətə əsasən, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi və həyata keçirilən işlər barədə məlumat, rəy və təkliflərin Nazirlər Kabinetinə bildirilməsi barədə göstəriş vermişdir.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü və modern ordusuna çevrilmişdir. Ə. Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun inkişafı üçün yaratdığı şərait müqabilində gənclərin hərbi ixtisaslara yiyələnmələrinin vacibliyini vurğulamış, işğal altında olan bütün torpaqlarımızın dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini bildirmişdir. Vurğulanmışdır ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi bir daha Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə qadir olduğunu sübut edir. Baş nazirin müavini gənclərin hərbçi kimi yetişməsi üçün onlara milli və hərbi-vətənpərvərlik ruhunun aşılanmasına məhz orta məktəb illərindən başlamağın vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bunun üçün gənclər hərbi ixtisaslara maraq göstərməli və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Vətəninə bağlı və sədaqətli zabit kimi yetişməlidirlər.
Yığıncaqda Laçın rayonundan olan məcburi köçkün Əlibəy İbrahimov hərbi təhsil almaq arzusunda olduğunu bildirmiş, Azərbaycan Ordusunun zabiti kimi şərəfli bir peşəni seçdiyi üçün fəxr etdiyini demişdir.
Görüşdə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və Müdafiə Nazirliyinin zabiti Əfqan Əliyev tədbirin əhəmiyyətindən danışmış, belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulamışlar.