Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval ruhiyyə ilə qeyd edilmişdir.
17 mart 2014-cü il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı şənliyi keçirilmişdir.
Bayram şənliyi məcburi köçkünlər üçün salınmış 552 ailəlik qəsəbədə atlıların cəngi sədaları altında yandırdığı bayram tonqalı ilə başlamışdır. Tədbirdə qurulmuş, tonqal ətrafında Azərbaycan xalqının qədim tarixi adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyatlar boğçaları həmçinin Novruz bayramının simvollarından olan səməni də yer almışdır. Bayramla əlaqədar Laçın rayon Tarix-Diyarşünaslıq muzeyi tərəfindən tarixi eksponatlardan ibarət sərgi təşkil olunmuşdur. Sərgidə tarixi məişət əşyalarının - nehrə, cəhrə, daraq, səhəng, kuzə, kilim və sair sərgisi ilə bərabər müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər qurulmuşdur. Bu səhnəciklərin bəzilərində cəhrədə ip əyirilir, bəzisində daraqda yun daranır, isti sacda qovurğa qovurulur, yuxa yayılır, milli geyimli qızlar şənliyin iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara Novruz şirniyyatları paylayırdılar. Həmçinin bayram tədbirində stolların üzərində səmənilər, bayram xonçaları, şamlar və digər bayram atributları ilə bağlı rayon məktəblilərinin hazırladıqları xonça müsabiqəsi təşkil edilmişdir. El şənliyi Respublikanın Əməkdar artisti Məhəbbət Kazımovun ifasında “Laçınım” mahnısının lent yazısının səsləndirilməsi ilə başlamışdır.
Təntənəli bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın Sovet hakimiyyətinin əsarəti altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına qoyulan qadağalara baxmayaraq, xalqımızın bu el şənliyini daim qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin istər Sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman milli mənəvi dəyərlərimizin inkişafına yüksək diqqət və qayğı ilə yanaşılmış, adət-ənənələrimizin yaşadılması istiqamətində əməli tədbirlər görülmüşdür. Həmçinin bildirilmişdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi ümumxalq səviyyəsinə yüksəldilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov eyni zamanda bildirmişdir ki, xalqımızın milli adət-ənənələrinə 2003-cü ildən başlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək diqqət və həssaslıqla yanaşır, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaratmışdır. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında həmçinin Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğının da xalqımız tərəfindən rəğbətlə qarşılandığını qeyd etmişdir. Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək rayonlarımızda yandırılacağına qəti əminliyini bildirmişdir.
Sonra tədbir respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri qəsəbə sakinlərində yüksək bayram əhval ruhiyyəsi yaratmışdır.