Laçın rayon ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev Mərkəzlərində açıq dərslərin keçirilməsi davam etdirilir
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə 11-ci sinif şagirdlərinə dərslərin tədris olunması Laçın rayonunda da uğurla davam etdirilir.
Rayon Təhsil Şöbəsində hər iki mövzu üzrə bu ilin fevral-may aylarında tədrisə cəlb olunacaq məktəblərin siyahısı və qrafiki müəyyən edilmiş, dərslərin yüksək səviyyədə təşkili üçün bütün zəruri təşkilati məsələlər həll edilmişdir. Rayon sakinlərinin daha sıx məskunlaşdıqları, rayon ümumtəhsil məktəblərinin fəaliyyət göstərdikləri bütün yaşayış məntəqələri üzrə hazırlıq işləri başa çatdırılmışdır.
25 fevral 2014-cü il tarixə kimi rayon ümumtəhsil məktəblərindən 15 tam orta məktəb üzrə XI sinif şagirdləri açıq dərslərdə iştirak etmişdir. Dərslərdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilmişdir. Açıq dərslərdə şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, onun şərəfli ömür yolunu əks etdirən eksponatlar,
fotoşəkil və kitablarla tanış olmuşlar. Məktəblilərə Azərbaycanın inkişafında, dövlət quruculuğunda və müstəqilliyinin möhkəmləndirilməsində, daxili və xarici siyasət nəticəsində əldə edilən nailiyyətlərdə dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir. Açıq dərsdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası XX əsrdə xalqımızın ən böyük nailiyyəti kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Eyni zamanda oda vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda keçirilən ilk dərslərdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri iştirak etmişdir.
Rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslərin keçirilməsi qrafikə uyğun davam etdirilir.