Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın kitabxana-informasiya sisteminə maddi ziyan vurulub

18 oktyabr 2011 | 15:00

Təqribi hesablamalara görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın kitabxana-informasiya sisteminə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəyib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarında 9 mərkəzləşdirilmiş kitabxana sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab talan və məhv edilib.

Bundan başqa, 6 memarlıq, 7 arxeoloji olmaqla, 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalıb.

Eyni zamanda, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi qalıb.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib. Dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Keçidlər