Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Taxtakörpü qəsəbəsində anım mərasimi keçirilmişdir
Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında tərtib edilmiş tədbirlər planına uyğun olaraq rayon fevral ayının 10-dan rayonun idarə, müəssisə və təşkilatlarında, həmçinin kənd icra nümayəndəliklərində, bütün ümumtəhsil məktəblərində Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilmiş, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişi təşkil edilmiş, rayonun bütün tədris müəssisələrində fevralın 26-da Xocalı faciəsinə həsr edilmiş xüsusi dərsin keçirilməsi təmin olunmuşdur.
26 fevral 2014-cü il tarixdə isə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Taxta körpü ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, ərazidə fəaliyyət göstərən bütün məktəblərin iştirakı ilə “Şəhidlərin xatirə kompleksi”nin qarşısında geniş ümumrayon anım mərasimi keçirilmişdir. Əvvəlcə “Şəhidlərin xatirə kompleksi” ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Sonra Şəhidlərin xatirə kompleksi qarşısında davam edən tədbirdə XX əsrin ən ağır faciəsi kimi tarixə düşən Xocalı soyqırımı zamanı şəhid olan bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciə ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verilmişdir. Ümumrayon tədbirində çıxış edən rayon rəhbəri Akif Səlimov Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salaraq, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş qatı cinayət olduğunu bildirmişdir. Rayon İcra Hakimiyyəti başçısı o zamanki Respublika rəhbərliyinin bu dəhşətli faciəyə ögey münasibətini qeyd etməklə faciənin real qiymətinin Ulu öndər tərəfindən verildiyini və bu qətliamın dünya ictimaiyyətinə çatdırılmasında başladığı tarixi missiyanın bu gün də ölkə Prezidenti tərəfindən uğurla davam olunduğunu, artıq dünyanın onlarla ölkəsinin faciəni soyqırımı kimi tanımasını, yağı düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsi istiqamətində görülən işlərdən ətraflı danışaraq hər bir azərbaycanlı vətəndaşının narahat şəhid ruhları qarşısında borclu olmaqla hər an mübarizəyə hazır olmalarını xüsusi ilə qeyd etmişdir.
Anım mərasimində faciəni öz gözləri ilə görmüş rayon sakinləri o qanlı gecəni erməni faşizminə qarşı nifrətlə xatırlayaraq həmin hadisəni heç zaman hafizələrindən silinmədiyini mərasim iştirakçılarına bildirməklə bu hadisələrin bir daha təkrarlanmaması üçün Ali Baş komandanın ətrafında sıx birləşərək hər bir ailədə xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsini vurğulamışlar. Mərasimdə rayon məktəbləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya göstərilmişdir.
Eyni zamanda 26 fevral 2014-cü il tarixdə Bakı şəhərində və Respublikanın digər rayonlarında Şəhidlərin abidə kompleksləri laçınlı sakinlər tərəfindən ziyarət olunmuşdur.
Tədbirlər Planına uyğun olaraq 26 fevral günü saat 17:00-da rayon sakinlərinin məskunlaşdıqları ərazilərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi təşkil olunmuşdur.