Laçın rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək düzmüş, 2013-cü ildə rayonun sosial-iqtisadi göstəriciləri əks olunmuş stendlərə baxmışlar.
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyətinin başçısı Akif Səlimovun məruzəsi dinlənilmişdir Məruzədə ötən ildə də ölkəmizin dinamik inkişafının Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi və yüksək nailiyyətlərin əldə olunduğu yığıncaq iştirakçıların diqqətinə çatdırılmaqla 2013-cü ildə laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, ötən il 285 laçınlı məcburi köçkün ailəsi Abşeron rayonu ərazisində inşa olunmuş Gənclər şəhərciyində, Mehdiabad yaşayış massivində, Masazır qəsəbəsində, Bərdə, Qəbələ və İsmayıllı rayonları ərazisində inşa olunmuş qəsəbələrdə yeni mənzillə təmin olunmuşdur.
Qeyd olunmuşdur ki, hesabat ilində Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işləri davam etdirilmiş, təhsil şöbəsi üçün yeni bina istifadəyə verilmiş, 512 nömrəlik ATS quraşdırılmışdır. 5 və 7 saylı tam orta məktəblərin binaları əsaslı təmir olunmuş, Malıbəy obasında tibb məntəqəsinin tikintisinə başlanılmışdır. Taxtakörpü ərazisində küçə və meydanlara 2010 kvadratmetr asfalt örtük salınmış, Vağazin, Malıbəy, Mişni, Qarıqışlaq obalarında, laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yollar əsaslı təmir edilmişdir.
Taxtakörpü ərazisindəki obalarda məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərin həll olunması məqsədilə 45 ədəd transformatorda və müxtəlif gücə malik 25 kilometr uzunluğunda elektrik hava xəttində təmir işləri aparılmışdır. Həmçinin 3 ədəd transformator alınaraq Mişni və Vağazin obalarına verilmiş, ərazidə yararsız vəziyyətdə olan 20 min metr naqil yenisi ilə əvəz edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Şəki rayonunun Aydınbulaq kəndi ərazisinə elektrik xətti çəkilmişdir.
Тахтаkörpü ərazisində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Alxaslı, Hacılar, Ağbulaq, Mişni, Qarıqışlaq, Nurəddin, Fingə obalarına 3250 metr su xətti çəkilmiş, 3100 metr su xətti, 3 ədəd nasos təmir olunmuşdur.
Hesabat dövründə rayonda əhali və fermer təsərrüfatlarında 35063 baş iri buynuzlu, 204207 baş xırda buynuzlu heyvan, 5206 arı ailəsi qeydə alınmışdır. İl ərzində 2300 ton ət, 13946 ton süd, 380 ton yun istehsal olunmuş, 1787 hektar taxıl sahəsindən 5308,7 ton məhsul götürülmüş, 11596 ton qaba yem tədarük edilmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, onların həlli yollarından danışılmışdır. Bildirilmişdir ki, 2014-cü ildə laçınlı məcburi köçkünlər üçün 1500 evin inşa olunması, Şeylanlı, Fingə, Qarakeçdi və Sadınlar obalarında çınqıl örtüklü yolların salınması, 552 ailəlik qəsəbənin telefonlaşdırılması, əlavə su xəttinin çəkilməsi, Mişni və Qarıqışlaq obalarında modul tipli sutəmizləyici qurğuların, Taxtakörpü qəsəbəsində muzey və idman kompleksinin tikintisi qarşıda duran vəzifələrdəndir.
Yığıncaqda həmçinin Taxtakörpü ərazisində məktəb-liseyin tikilməsi, məcburi köçkünlərə heyvandarlıq təsərrüfatının yaradılması üçün kreditlərin verilməsi, yeni salınacaq qəsəbədə xəstəxananın inşası ilə bağlı təkliflər səsləndirilmişdir.
İclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev yığıncaqda çıxış etmişdir.
Sonda təhsil, səhiyyə, idman, sahibkarlıq sahəsindəki səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup rayon sakininə fəxri fərman və hədiyyələr, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.