Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəbbət Kazımovun vəfatı ilə əlaqədar anım mərasimi keçirilmişdir.

04 fevral 2014 | 16:00

          03 fevral 2014-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdən biri kimi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində respublikanın “əməkdar artisti”, vətənpərvər ruhlu mahnıları, bənzərsiz səsi ilə  milyonlarla insanın rəğbətini və sevgisini qazanmış Məhəbbət Kazımovun vaxtsız vəfatı ilə əlaqədar anım mərasimi keçirilmişdir. Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimov, rayon ziyalıları və ağsaqqalları, həmçinin  Bakı və Şəki, şəhərlərində, Oğuz, Bərdə rayonu ərazilərində məskunlaşmış Məhəbbət Kazımovun  yaxın qohumları, uşaqlıq dostları iştirak etmişlər. Anım mərasimi rayonun Axundu tərəfindən açıq elan edildikdən sonra, milyonlarla insanın qəlbində özünə əbədi yer tutan, “Laçınım” mahnısının sədaları altında  Məhəbbət Kazımovun ruhu sükutla yad edilmişdir.
        Tədbirdə, rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov   çıxış edərək respublikanın əməkdar artisti, el sənətkarı Məhəbbət Kazımovun müasir Azərbaycan musiqi sənətində xüsusi  yer tutduğunu, özünəməxsus yaradıcılıq üslubu ilə seçildiyini,  gənc ifaçıların, xüsusilə laçınlı gənclərin  bu sahədə inkişafına daim dəstək və təkan verdiyini qeyd etmişdir. Rayon rəhbəri xüsusilə onu da vurğulamışdır ki, Məhəbbət Kazımov ötən iyirmi ildən artıq bir dövrdə  vətənpərvərlik ruhunda ifa etdiyi mahnılarında təkcə laçınlıların deyil eləcədə torpaqları işğala məruz qalmış bütün soydaşlarımızın qəlbində vətən sevgisini yaşatmaqla, onları birliyə və o torpaqlara qayıtmaq üçün daim hazır olmağa səsləmişdir.
        Təşkil edilmiş ehsan süfrəsi ətrafında çıxış edən rayon ziyalı və ağsaqqalları Məhəbbət Kazımovun daim ölməz sənəti ilə Laçını və laçınlıları respublikamızda və onun hüdudlarından kənarda  ləyaqətlə təmsil etdiyini, fəaliyyətindən həmişə fərəh və qürur hissi keçirtdiklərini qeyd etməklə,  onunla bağlı unudulmaz xatirələrini mərasim iştirakçıları ilə bölüşmüş, əziz xatirəsinin qəlblərində əbədi  yaşayacağını bildirmişlər. Mərasimdə unudulmaz Məhəbbət Kazımovun ruhuna dualar oxunmuş, sənətkarın həyat  fəaliyyəti, həmçinin  Laçın rayonunun müxtəlif guşələrini özündə  əks etdirən slayda tamaşa edilmişdir. Mərasimin sonunda mərhum sənətkarın qardaşı Qənimət Kazımov çıxış edərək qardaşının xatirəsinin əziz tutulduğuna, adına açılmış ehsan süfrəsinə görə rayon rəhbərliyinə və mərasim iştirakçılarına ailələri adından minnətdarlığını bildirmişdir.

Keçidlər