2 fevral - Azərbaycan gəncləri günü qeyd olundu
1 fevral 2014-cü il tarixdə Taxta körpü qəsəbəsində “2 fevral- Azərbaycan gəncləri günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl laçınlı gənclər Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü və Taxtakörpü qəsəbəsində rayon şəhidlərinin adının əbədiləşdirildiyi xatirə kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının Rayon təşkilatının akt zalında davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun da iştirak etdiyi tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev açaraq, rayon gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik etdikdən sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad etdilər.
“Gənclər günü” barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə bu gündə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat verildi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açaraq, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə gənclərə geniş məlumat çatdırdı.
Tədbirdə çıxış edən gənclər Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını, bundan sonra da dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə əminliklərini bildirdilər.
Tədbirdə ordudan tərxis olunmuş gənclərə, ötən il uğurlar qazanmış idmançılara və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.