2013-cü il ərzində görülən işlərə və qarşıda duran vəzifələrə dair Laçın Rayon Təhsil şöbəsinin hesabat yığıncağı keçirilmişdir
31 yanvar 2014-cü il tarixdə Laçın Rayon Təhsil şöbəsi tərəfindən 2013-cü il ərzində görülən işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, hesabat ilində Rayon Təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilmiş, təhsil işçiləri yeni dərs ilini hər cür inventar və avadanlıqlarla təmin olunmuş müasir binada qarşılamışlar. Rayonun 13 ümumtəhsil məktəbində dövlət vəsaiti və daxili imkanlar hesabına təmir aparılmış, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə 2 saylı Vağazin tam orta məktəbində 2 əlavə sinif otağı tikilmiş, Məcburi Köçkünlərin Sosial İnkişaf fondunun xətti ilə Sumqayıt şəhərində rayonun 5 saylı və Təhsil Nazirliyinin xətti ilə 7 saylı tam orta məktəbləri əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir. Qozlu və 37 saylı tam orta məktəblərində kombi tipli isitmə sistemi quraşdırılmışdır. Heydər Əliyev Fondu tərəfindən ümumtəhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərə 1444 ədəd məktəbli çantası və yazı ləvazimatları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 1450 dəst məktəbli forması göndərilmiş, dövlət vəsaiti hesabına az təminatlı ailələrdən olan şagirdlərə 1600 dəst məktəbli forması alınaraq paylanmışdır.
Təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində 2013-cü il rayonun ümumtəhsil məktəblərinin müsbət göstəricilər əldə olunmuşdur. Xüsusilə, ümumtəhsil məktəblərində buraxılış imtahanlarının nəticələrinə görə Laçın rayonunun Respublikada 9-cu yeri tutması, rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 206 nəfərinin ali məktəbə qəbulu, 32 nəfərin 500-dən, 9 nəfərin isə 600-dən yuxarı bal toplaması, 1 nəfər tələbəmizin Prezident təqaüdünə layiq görülməsi, 5 oktyabr - Beynəlxalq Müəllim günü ərəfəsində rayonun təhsil işçisi Tağıyeva Gülşən Saday qızının cənab Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması 2013-cü ildə təhsil sahəsində əldə olunmuş ən böyük uğurlardandır.
2013-cü ilin sentyabr ayında Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçınlı ziyalıların da iştirak etdiyi ali məktəbə yeni qəbul olunmuş tələbələrlə Bakı şəhərində möhtəşəm görüş keçirilmiş və həmin görüşdə yüksək bal toplamış tələbələrimizə kompüter və digər qiymətli hədiyyələr təqdim olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov yığıncaqda çıxış edərək rayonda təhsilin keyfiyyətinin yüksəldilməsindən, istedadlı şagirdlərin aşkara çıxarılmasından, onların müsabiqələrdə, yarışlarda və olimpiadalarda iştirakının təmin edilməsindən, metodiki işin müasir tələblər səviyyəsində qurulmasından, qabaqcıl təcrübənin öyrənilməsindən və işdə tətbiq edilməsindən, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində aparılan işlərdən, onların hərbi məktəblərdə təhsil almaları üçün valideynlərlə müvafiq işin aparılmasından geniş söhbət açmış, aidiyyəti məsul vəzifəli şəxslərə öz tapşırıq və tövsiyələrini vermişdir.
Yığıncaqda qarşıda duran vəzifələr müəyyənləşdirilərək müvafiq qərar qəbul edilmişdir.