Ötən il Taxta körpü köçkünlər qəsəbəsində görülmüş işlər müzakirə olundu
21 yanvar 2014-cü il tarixdə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu, Taxta körpü ərazisindəki 552 ailəlik qəsəbədə Taxta körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2013-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Qəsəbədəki klub icma mərkəzində keçirilən iclasda Taxta körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyin hesabat məruzəsi dinlənilmişdir. Məruzədə qəsəbə sakinlərinin il ərzində fasiləsiz olaraq işıq, su və mavi yanacağa olan tələbatlarının ödənildiyi, bir neçə evin döşəməsinin və dam örtüyünün əsaslı təmir olunduğu, 1000 metrdən artıq qəsəbə daxili yola əlavə çınqıl örtük töküldüyü, bütün bayram və əlamətdar günlərdə qəsəbədəki ailələrə ərzaq yardımı verildiyi bildirilmişdir. Məruzə ətrafında 7 nəfər qəsəbə sakini çıxış etmişdir. Hesabat məruzəsində və çıxışlarda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından xüsusilə bu diqqət və qayğının əyani təzahürü kimi inşa edilmiş 552 ailəlik qəsəbənin 24 dekabr 2011-ci il tarixdə keçirilən açılışında ölkə Prezidentinin öz ailəsi ilə birlikdə şəxsən iştirak etmələri minnətdarlıqla xatırlanmış, 2013-cü ildə rayonda və nümayəndəlikdə görülən işlərdən, məcburi köçkünlərə göstərilən dövlət qayğısından, söhbət açılmış, nümayəndəlik üzrə cari ildə qarşıda duran vəzifələrdən ətraflı danışılaraq konkret təkliflər irəli sürülmüşdür. Təkliflərdə, sakinlər qəsəbədaxili yolların asfaltlanmasına, qəsəbədə kanalizasiya sisteminin qurulmasına, qəsəbədaxili telefon xəttinin çəkilişinə və ATS-də işlərin sürətləndirməklə internet xidmətinin yaradılmasına və qəsəbənin 37-lər adlanan hissəsində elektrik naqillərinin kabel sisteminə keçirilməklə ümumi elektrik şəbəkəsinə qoşulmasına köməklik göstərilməsini bildirmişlər.
130 nəfər qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabat yığıncağında Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti idarə müəssisə rəhbərləri iştirak etmişlər.