Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
2014-cü il 14 yanvar tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “1 May” yeni yaşayış sahəsində fəaliyyət göstərən 45 saylı Laçın tam orta məktəbinin iclas zalında Laçın Rayonu İcra Hakimiyyəti başçısının Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ildə görülmüş işlərə və 2014-cü ildə qarşıda duran vəzifələrə dair illik hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimov iştirak etmişlər. 92 nəfərin iştirakı ilə keçirilən hesabat yığıncağında Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ağəli İbrahimovun illik hesabat məruzəsi dinlənilmiş, məruzə ətrafında 6 nəfər kənd sakini çıxış etmişdir. Yığıncaqda 2013-cü ildə rayonda və nümayəndəlikdə görülən işlərdən, məcburi köçkünlərə davamlı olaraq göstərilən dövlət qayğısından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən ətraflı söhbət açılaraq Ölkə başçısına minnətdarlıq ifadə edilmiş, nümayəndəlik üzrə cari ildə qarşıda duran vəzifələrdən danışılmışdır. Hesabat yığıncağında kənd rayonlarında müvəqqəti məskunlaşmış ailələr üçün yeni yaşayış evlərinin tikilməsi, Cağazur obalarının Taxtakörpü qəsəbəsi ilə gediş-gəlişini yaxşılaşdırmaq üçün Taxtakörpü ərazisindəki Əhmədli obasından Cağazur obasına 15 km uzunluğunda çınqıl örtüklü avtomobil yolunun çəkilməsi, Biləcəri qəsəbəsi “1 May” yeni yaşayış sahəsində 800 m uzunluğunda qrunt avtomobil yolun çınqıl yolla əvəz edilməsi, Biləcəri qəsəbəsi “1 May” yeni yaşayış sahəsində fəaliyyət göstərən 45 saylı Laçın orta məktəbinə kompüter verilməsi, məktəbə telefon xəttinin çəkilərək internet xidmətinin yaradılması barədə təkliflər irəli sürülərək bu istiqamətdə lazımi tədbirlərin görülməsinin vacibliyi bildirilmişdir.
Hesabat yığıncağından sonra 45 saylı Laçın tam orta məktəbinin iclas zalında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Rövşən Ağayevin iştirakı ilə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Akif Səlimovun məcburi köçkünlərlə görüş-səyyar qəbulu keçirilmişdir. Səyyar qəbulda 5 nəfər vətəndaşın müraciəti dinlənilmişdir ki, bu müraciətlərdən də 1-i yemək xərci müavinəti təyin olunması, 1-i işlə təmin olunma, 1-i müharibə veteranı vəsiqəsi verilməsi, 1-i ev tikintisinə icazə, 1-i isə maddi cəhətdən yardım olunması məsələləri barədə olmuşdur. Həmin müraciətlərə müvafiq qaydada baxılması üçün aidiyyəti üzrə lazımi tapşırıqlar verilmişdir.