Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı gənclərin hərbi vətənpərvərlik ruhda tərbiyəsi diqqət mərkəzindədir.

07 yanvar 2014 | 16:00

06 yanvar 2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan bir qrup ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Yeni ilin ilk günlərində keçirilən görüşdə məktəb direktorları, icra nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Görüşdə rayon təhsilinin bugünkü vəziyyəti müzakirə edilmiş, mövcud problemlər diqqətə çatdırılaraq, həll edilməsi üçün rayon rəhbərliyi tərəfindən konkret tapşırıqlar verilmişdir. Müzakirələr zamanı ən çox diqqət yönəldilən məsələlərdən biri də məzunların hərbi məktəblərə istiqamətləndirilməsi sahəsində görülən işlər olmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2013-cü il tarixli sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Qarabağ müharibəsinin fəal iştirakçısı Akif Səlimov vəzifəsinin icrasına başladığı ilk günlərdən etibarən yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik hissinin gücləndirilməsi və onların ali hərbi məktəblərə istiqamətləndirilməsi istiqamətində fəal şəkildə təbliğat işinin aparılmasına ciddi ehtiyac olduğunu bildirmiş və bu yöndə bir sıra təşəbbüslərlə çıxış etmişdir. Bu təşəbbüslər artıq ilk bəhrəsini vermiş, laçınlı gənclərdən bu il 2 nəfər ali hərbi məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına hərbi təmayüllü liseyə daxil olmuşlar
Rayon rəhbərinin bildirdiyi kimi artıq hərbi ali məktəb tələbələrinin ailələrinə hər ay 200 manat, lisey şagirdlərinin ailələrinə isə hər ay 100 manat məbləğində vəsait ödənilir. Bu haqda danışan Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, tərəfimizdən qaldırılan bu stimulverici təşəbbüs yuxarı instansiyalarda da bəyənilmiş və digər rayonlarda da tətbiq edilməsi üçün müvafiq işlər aparılır. Qəbul zamanı keçid ballarının aşağı salınması və tələbələrin ailələrinə dövlət tərəfindən digər güzəştlərin edilməsi də nəzərdən keçirilən variantlar sırasındadır. Bu təşəbbüsün daha da genişləndirilərək kütləviləşməsi üçün kompleks tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirən natiq qeyd etdi ki, ilk növbədə orta ümumtəhsil məktəblərində təbliğat işi genişləndirilməli, valideynlərlə müvafiq söhbətlər aparılmalıdır. Hərbə meylli yeniyetmələr müvafiq qanunauyğunluqlar çərçivəsində müəyyənləşdirildikdən sonra onlar üçün müvafiq şərait yaradılmalı, peşəyönümlü ixtisas müəllimləri onlarla müntəzəm məşğul olmalıdır. Nəzərdə tutmuşuq ki, hərbi məktəblərdə oxuyanların ailələrinə verilən maliyyə vəsaitlərinin artırılması istiqamətində də gələcəkdə qanunamüvafiq şəkildə müəyyən işlər aparılsın. Bu gün torpaqlarımızın 20 %-dən çoxu işğal altındadır. Hər bir Azərbaycan vətəndaşının, xüsusən də işğala məruz qalmış ərazilərdən olan insanların qəlbi hər an qisas hissi ilə döyünməli, qələbəmizi yaxınlaşdırmaq üçün, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməklə məşğul olmalıyıq. Azərbaycanın dövlət başçısının münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində göstərdiyi prinsipiallıq hər bir vətəndaş tərəfindən bəyənilir və dəstəklənir. Bu siyasətə cəmiyyətin də dəstəyi veriləndə o daha təsirli olur. Bu mənada vətəndaş olaraq hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməli, öz işimizlə aparılan siyasətə dəstəyimizi göstərməliyik. Bu dəstəyin ibtidası isə təbliğatdan başlayır. Bu təbliğat həm ailədə, həm məktəbdə, eyni zamanda da cəmiyyətdə eyni səviyyədə aparılmalıdır.
Biz yeniyetmə və gənclərimizi bu gün vətənin onlara ehtiyacı olduğuna və hərb sənətinə yiyələnməyin vacibliyinə inandırmağı bacarmalıyıq. Elə etməliyik ki, beş il sonra görmək istədiyimiz hərbiçilər, həm də vətənpərvər hərbiçilər olsunlar. Bunun üçün biz əlbir işləməli, hamılıqla bir hədəfə doğru getməliyik. Onda qarşıya qoyulan məqsədə daha tez çata bilərik.
Müzakirələrin gedişi zamanı məktəblərin IX-XI sinif şagirdlərinin “Şahin” və “Cəsurlar” hərbi idman oyunlarının respublika müsabiqəsinə qatılmaq istiqamətində müvafiq tədbirlərin görülməsi və müxtəlif təyinatlı hərbi məktəblərə vaxtaşırı ekskursiyaların təşkil edilməsi təklifləri yığıncaq iştirakçıları tərəfindən yekdilliklə bəyənildi və yaxın gələcəkdə reallaşması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutuldu. Görüş ruh yüksəkliyi şəraitində və 2014-cü ilin xalqımız üçün qələbə ili olacağı inamı ilə başa çatdı.

Keçidlər