Laçınlılar 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramın ön cəbhədə əsgərlərlə birgə qeyd etdilər.
30 dekabr 2013-cü il tarixdə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup rayon ictimaiyyəti nümayəndəsi bayram sovqatı aparmaqla Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramını Ağcabədi rayonu ərazisindəki ön cəbhədə, təmas xəttində, xidmət edən əsgərlərlə birlikdə qeyd etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev, Rayon Polis şöbəsinin rəisi Məhəmməd Kərimov və digər ictimaiyyət nümayəndələri çıxış edərək rayon rəhbərliyinin, eləcədə bütün laçınlıların əsgər və zabitlərə bayram təbriklərini çatdırmış, onlara möhkəm cansağlığı və xidməti vəzifələrini yerinə yetirilməsində uğurlar arzulamışlar. Çıxış edən rayon sakinləri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə günü-gündən güclənən milli ordumuzun tezliklə işğal altındakı torpaqlarımızın azad edilməsində son sözünü qətiyyətlə deyəcəyinə, əsgərlərimizin üç rəngli Azərbaycan bayrağını əzəli torpaqlarımız olan Xankəndində, Şuşada, Laçında və digər işğaldan azad edilək ərazilərimizdə ən yüksək zirvəyə taxacaqlarını, zəfər bayramını birlikdə qeyd edəcəklərinə əmin olduqlarını bildirmişlər.
Tədbirin sonunda rayon nümayəndələri əsgər və zabitlərlə xatirə şəkli çəkdirmişlər.