31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il şənliyi qeyd olundu.
29 dekabr 2013-cü il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Təntənəli bayram şənliyində iştirak edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə rayon sakinlərini təbrik etmişdir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixinin birbaşa Ulu öndər Heydər Əliyevlə bağlı olduğunu bildirən rayon rəhbəri 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmasını xalqımızın tarixində qazanılmış ən böyük nəaliyyət olduğunu bildirmişdir. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir, Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov eyni zamanda bildirmişdir ki, xalqımızın milli adət-ənənələrinə 2003-cü ildən başlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək diqqət və həssaslıqla yanaşır, bu bayramın dövlət səviyyəsində keçirilməsinə geniş şərait yaratmışdır. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə göstərdiyi hərtərəfli qayğının da xalqımız tərəfindən rəğbətlə qarşılandığını qeyd etmişdir.
Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına qəti əminliyini bildirmişdir.
Sonra tədbir Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı geniş bayram konserti ilə davam etdirilmişdir. Şaxta baba və qar qızın tədbirdə iştirak edən uşaqlara hədiyyə paylaması uşaqlar tərəfindən sevinclə qarşılanmışdır.
Tədbirdə səsləndirilən rəngarəng musiqi nömrələri qəsəbə sakinlərində yüksək bayram əhval - ruhiyyəsi yaratmışdır.