Şriftin ölçüsü :

Saytın rəngi :

Qazilərin döyüş ruhu

28 dekabr 2013 | 16:00

Laçın rayonundan olan bir qrup Qarabağ müharibəsi döyüşçüsü hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bir araya gəldi. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon Şöbəsi rəhbərliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxmış və bu yolda mübarizə aparmış insanlar iştirak edirdilər. Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan İctimai Birliyin Laçın rayon təşkilatının sədri Babək Aslanov qeyd etdi ki, təmənnasız olaraq Vətənin müdafiəsinə qalxmış və əksəriyyətinin bu yolda öz sağlamlığını itirmiş bir qrup vətənpərvərin məhz bu gün bir araya gəlməsi heç də təsadüfi deyil. Hamımızın bildiyi kimi, dekabr ayının sonuncu ongünlüyü Azərbaycan xalqı üçün üç hadisə ilə əlamətdardır. Dekabr ayının 31-i Yeni il bayramı olmaqla bərabər, həm də xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı sərəncamla hər ilin 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Eyni zamanda, dekabr ayının 24-ü onun rəhbərliyi altında özünün “Qızıl dövrü”nü yaşayan və dünya dövlətləri arasında nüfuz və hörmət sahibinə çevrilən müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının doğum günüdür. Bu tarix biz laçınlılar üçün xüsusilə əlamətdardır, ona görə ki, cəmi iki il öncə, 2011-ci ilin 24 dekabr tarixində cənab Prezident öz xanımı ilə birlikdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə gələrək, özünün ad gününü və 50 illik yubileyini laçınlı məcburi köçkünlərlə birlikdə keçirmişdir. Həmin günkü görüşdə cənab Prezidentin iştirakçılara “Siz mənim ailə üzvlərimsiniz, mən bu gün öz ailəmlə birlikdəyəm” deməsi bir daha sübut etdi ki, İlham Əliyev cənabları 2003-cü ilin prezident seçkilərindən sonra xalqa müraciətində dediyi kimi, o, ötən illərdə olduğu kimi, bu gün də hər bir Azərbaycan vətəndaşının prezidentidir və özünün səmərəli və çoxcəhətli fəaliyyəti ilə dediyi sözü doğrultmaqdadır. Bizi istəyib istəməməyindən asılı olmayaraq, bu gün bütün beynəlxalq təşkilatlar və qurumlar açıq etiraf edirlər ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 10 il müddətində digər dövlətlərin 50 ildə nail ola bilmədiyi bir inkişafa nail olub və bu tendensiya bu gün də davam etməkdədir.
Nəzərə alsaq ki, dünyanın super güclərinin hər zaman Cənubi Qafqazda maraqları olub və bu maraqlar heç zaman Azərbaycan xalqının maraqlarına xidmət etməyib, onda bugünkü inkişafa Azərbaycanın hansı çətinliklərdən keçərək və maneələri dəf edərək nail olduğunu başa düşmək olar. Birmənalı şəkildə etiraf edilən bir aksiomdur ki, bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasətin arxada qalan 10 il müddətində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan regionun lider dövlətidir və regionda ən mükəmməl və müasir orduya malikdir. Bizim Qarabağ müharibəsinin birinci mərhələsində məğlub duruma düşməyimizin digər amillərlə yanaşı, ən başlıca səbəbi peşəkar ordumuzun olmaması idi. Bugünkü Azərbaycan ordusu dünyanın ən müasir döyüş silahlarına malikdir və sevindirici cəhətlərdən biri də odur ki, bu gün ölkəmiz öz ordusunun təchizatının 70-80 faizini yerli istehsal hesabına ödəyir. Bu da ordunun daha yüksək səviyyədə təşkili üçün çox mühüm amildir. Bu gün ordumuz peşəkarlıq dərəcəsinə görə elə bir səviyyəyə gəlib çatmışdır ki, istənilən döyüş əmrini ən qısa vaxt ərzində müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir.
Biz əminik ki, sülh danışıqları nəticəsiz qurtarsa belə, Azərbaycan ordunun gücü ilə özünün ərazi bütövlüyünü təmin edəcək, 20 ildən çoxdur ki, düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edəcəkdir. Bir nüansa xüsusilə diqqət yetirməliyik ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevi xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu məsələdə xalqla iqtidar arasında heç zaman fikir ayrılığı olmamışdır. Bu gün də belədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bir dövlət olaraq yeritdiyi siyasət və beynəlxalq təşkilatlarda nail olduğu üstünlüklər, nümayiş etdirdiyi prinsipiallıq, və qətiyyət bizdə qəti əminlik yaradır ki, biz yaxın müddətdə Qarabağ münaqişəsinin ədalətli həllinə nail ola biləcəyik. Buna dövlətimizin yetərincə imkanları var və bu gün həyata keçirilən çoxtərəfli danışıqlar birbaşa ona xidmət edir.
Sonra tədbirdə II qrup Qarabağ əlili Fərzəliyev Rauf, II qrup Qarabağ əlili Süleymanov Nəriman, Abbasov Xəlil, Nəsirov Xəyyam, Mirzəyev Rəfail və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan bu gün elə bir güclü dövlətə çevrilmişdir ki, müharibə illərində olduğu kimi, xaricdən ən müxtəlif formalarda ona müdaxilə etmək, daxildə silsilə təxribatlar törətməklə qüvvələri zəiflətmək və nələrəsə nail olmaq mümkün deyildir. Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ondan xəbər verir ki, heç zaman ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusuna çevrilməyəcəkdir. Biz buna inanırıq və yenidən döyüşlər başlasa, mübarizə aparmağa və torpaqlarımızı mənfur işğalçılardan təmizləməyə hazırıq.
Biz laçınlı müharibə iştirakçıları olaraq, cənab Prezidentə öz minnətdarlığımızı bildiririk ona görə ki, müharibənin ilk günlərindən başlayaraq Atəşkəs razılaşması əldə edilənə qədər bir komandir olaraq bizimlə çiyin-çiyinə səngərlərdə düşmənə qarşı döyüşən və tabeliyində olan hər kəsə bir ata qayğısı ilə yanaşan vətənimizin ləyaqətli övladlarından biri olan Akif Səlimovu Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etmişdir. Bu təyinat nəinki biz keçmiş döyüşçülər, eləcə də bütün rayon sakinləri tərəfindən razılıqla qarşılanmışdır. Çünki Akif müəllim hansı vəzifədə işləməsindən asılı olmayaraq, hər zaman sadə vətəndaşların arasında olmuş, imkanları daxilində onların problemlərinin həllinə kömək göstərmişdir. Akif müəllimin yeni təyinatı birmənalı olaraq, biz keçmiş döyüşçülərdə ruh yüksəkliyi yaratmış, döyüş əzmimizi birə-beş artırmışdır. Biz inanırıq ki, Ali Baş Komandanımızın əmri ilə bu yüksək döyüş əzmi ilə də yenidən düşmənə qarşı mübarizəyə başlayacaq, ən qısa müddətdə torpaqlarımızın işğaldan azad olmasına nail olacağıq.

Keçidlər