Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının yekunları müzakirə edilmişdir

18 oktyabr 2011 | 15:00

Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov hesabat məruzəsində bildirmişdir ki, cari ilin doqquz ayında Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işləri davam etdirilmiş, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.
Laçınlı məcburi köçkünlər üçün Taxtakörpü ərazisində inşa olunan 552 ailəlik qəsəbənin tikintisi başa çatmışdır. Hesabat dövründə Taxtakörpü qəsəbəsinə 21 kilometr uzunluğunda qaz xətti çəkilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.
Elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmaq məqsədi ilə 250 kilovoltluq transformator yenisi ilə əvəz olunmuş, Qarıqışlaq obasında 160 kilovoltluq, Rayon Mərkəzi Xəstəxanasında 100 kilovoltluq yeni transformator quraşdırılmış, 4 min metrə yaxın uzunluqda elektrik hava xətləri yenisi ilə əvəz olunmuşdur.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədi ilə 41 nasos, elektrik mühərriki və hidrotexniki qurğu təmir olunmuş, 69,3 kilometr uzunluğunda kanal lildən təmizlənmişdir. Gələcəkdə baş verəcək daşqın təhlükəsinin qarşısının alınması məqsədi ilə Kür çayının Taxtakörpü ərazisindən keçən hissəsində bəndbərkitmə işləri görülmüşdür.
Hesabat dövründə 1400 metr açıq suyığıcı kanal, 650 metr beton kanal, 3 min 440 metr qapalı dren, bir ədəd dəmir-beton körpü tikilmiş, 12 ədəd hidrotexniki qurğu quraşdırılmışdır. Taxtakörpü ərazisindəki Cağazur və Kamallı obalarında artezian quyuları qazılmışdır.
“Dünyaya baxış” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Taxtakörpü ərazisində 37 mikrolayihə həyata keçirilmiş, qəsəbədə resurs və biznes mərkəzi tikilmişdir.
İçməli su təminatının yaxşılaşdırılması məqsədi ilə ərazidəki içməli su şəbəkələrində yararsız xətlərin 1612 metr hissəsi yenisi ilə əvəz edilmiş, 2050 metr hissəsində təmir işləri aparılmışdır.
Bu dövrdə rayonda əhali və fermer təsərrüfatlarında 27 min 173 baş iribuynuzlu, 192 min 416 baş xırda buynuzlu heyvan olmuşdur. 13 min 825 sentner ət, 104 min 758 sentner süd, 3 min 709 sentner yun, 894 min yumurta istehsal olunmuşdur. 2011-ci ilin məhsulu üçün səpilmiş 1048 hektar sahədən 2936 ton taxıl istehsal olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Taxtakörpü ərazisində fəaliyyət göstərən 36 nəfər sahibkar və fermerə 362 min manat güzəştli kredit verilmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Keçidlər