24 dekabr 2013-cü il tarixdə Taxta körpü ərazisində 552 ailəlik qəsəbənin istifadəyə verilməsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir
24 dekabr 2013-cü il tarixdə Laçın Rayon İcra strukturlarının və idarə müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçınlı məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş 552 ailəlik qəsəbənin açılışının ikinci ildönümü ilə bağlı qəsəbədə fəaliyyət göstərən Taxta körpü tam orta məktəbində geniş tədbir keçirilmişdir. Tədbiri Taxta körpü tam orta məktəbinin direktoru Abuzər Abuzərov açıq elan edərək, qəsəbənin tikilib istifadəyə verilməsi ilə bağlı geniş məlumat vermişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 552 ailəlik qəsəbənin açılışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakının mühüm əhəmiyyət kəsb etdiyini, bu tarixi görüşün hər bir laçınlının qəlbində ən əziz və yaddaqalan gün kimi məhz cənab Prezidentin ad gününə təsadüf etməsini bütün laçınlıların həyatında silinməz iz buraxdığını minnətdarlıq hissi ilə qeyd etmişdir. Bildirilmişdir ki, hər bir laçınlı əvəzolunmaz Prezident kimi İlham Əliyevin ətrafında sıx birləşib, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir, bu siyasət sayəsində tezliklə ata-baba yurdlarına dönəcəklərinə qəti əmindirlər.
Daha sonra tədbirin bilavasitə iştirakçıları çıxış edərək 24 dekabr 2011-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birlikdə laçınlı məcburi köçkünlərin qonağı olmasını, onlar üçün ərazidə inşa edilmiş qəsəbənin açılışında iştirak etməsini, şərəfli ömür yolunun 50 illik yubileyini doğma ailə üzvü hesab edərək laçınlılarla birlikdə qeyd etməsini, hər bir laçınlını ürəkdən sevindirdiyini və rayonumuzun tarixinə qızıl hərflərlə yazıldığını bildirmiş, hər bir Azərbaycan vətəndaşının sevimlisi olan cənab Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona uzun ömür, can sağlığı, Azərbaycanın çiçəklənməsi naminə apardığı şərəfli işində uğurlar arzulamışlar.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.
Tədbirin yekununda Cənab Prezident İlham Əliyevin qəsəbənin açılışında iştirakından bəhs edən videoçarxa baxılmışdır.