2013-cü ilin doqquz ayı ərzində görülmüş işlər laçınlı ictimaiyyət nümayəndələri tərəfindən müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial– iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər və rayonda görülmüş işlərlə bağlı Laçın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 19 oktyabr 2013-cü il tarixdə geniş iclas keçirilmişdir.
Ümumrayon tədbirini giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov iclasın keçirilməsinin əlamətdar tarixi bir dövrə - Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ümumxalq sevgisi ilə 09 oktyabr 2013-cü il tarixdə üçüncü dəfə Prezident seçkilərində qələbə qazanmasının bayram edildiyi dövrə təsadüf etməsini tədbir iştirakçılarının nəzərinə çatdırmış, bu münasibətlə tədbir iştirakçılarını təbrik etmiş, ötən bu illər ərzində dövlətimizin dinamik inkişaf yolu keçməsini məmnunluqla vurğulamışdır.
İclasda 07 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər və rayonda görülmüş işlərlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısının məruzəsi dinlənilmişdir. Məruzədə cari ilin ötən dövrü ərzində rayonda görülmüş işlər ətraflı təhlil olunmuş, rayonun icra strukturları və idarə müəssisələrinin fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü ərazisində həyata keçirilmiş işlər, həmçinin ölkəmizin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaradılmış şərait barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Həmçinin Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin bundan sonra da tələb olunan səviyyədə yerinə yetiriləcəyi bildirilmişdir.
Məruzə ətrafında çıxış edən idarə-müəssisə rəhbərləri 2013-cü ilin ötən dövrü ərzində rəhbərlik etdikləri sahələr üzrə əhaliyə göstərilən xidmətlər haqqında, habelə ötən ilin müvafiq dövrü ilə müqayisədə işlərində olan müsbət dəyişiklikləri konkret rəqəmlərlə tədbir iştirakçılarının nəzərinə çatdırmış, mövcud problemlər və onların aradan qaldırılması yolları qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
İclasın sonunda Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Akif Hüseynova “Dövlət qulluğunda fərqlənməyə görə medal”ı təqdim edilmişdir.