QARABAĞ ƏLİLİNƏ BAŞ ÇƏKİLDİ.
Son dövrlər rayon rəhbərliyi tərəfindən göstərilən xüsusi diqqət və qayğı Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri tərəfindən rəğbətlə qarşılanır, ölkə rəhbərliyi tərəfindən yürüdülən siyasətin yerlərdə icrası kimi qiymətləndirilir.
Müharibədən əziyyət çəkmiş və öz sağlamlığını itirən şəxslərlə mütamadi olaraq keçirilən görüşlər ondan xəbər verir ki, belə tədbirlərin ötəri deyil, ardıcıl olaraq keçirilməsi rayon rəhbərliyi tərəfindən bir vəzifə olaraq aidiyyatı qurumlar və təşkilatlar qarşısında qoyulmuşdur. Növbəti belə bir görüş 03 oktyabr 2013-cü il tarixdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi tərəfindən həyata keçirildi. Bu dəfə Laçın rayonundan olan bir qrup Qarabağ müharibəsinin iştirakçıları keçmiş döyüş yoldaşları Hacıyev Rafiq Əli oğlunun evində olublar.
Rafiq Hacıyev Laçın rayonun Qarabəyli kəndində dünyaya göz açıb. O da Vətənin ağır günlərində əlinə silah alaraq onun müdafiəsinə qalxıb. Bir sıra yaşayış məntəqələrinin erməni silahlı qüvvələrindən təmizlənməsində yaxından iştirak edib. Rayon mərkəzinə yaxın Tığik kəndi uğrunda gedən qanlı döyüşlər isə Rafiqin həyatını büsbütün dəyişdi. Başından aldığı qəlpə yarası onun döyüşçü həyatına son qoydu. Yoldaşları əvvəl onu ölmüş bilib cəsədini döyüş gedən ərazidən çıxarmaq qərarına gəlirlər. Bir müddət sonra onun iniltili səslər çıxardığı eşidilir və ölmədiyi yəqinləşir. Müxtəlif hərbi hosbitallarda və xəstəxanalarda uzun müddət müalicə olunsa da normal həyata qayıdışı mümkün olmur. Bir müddət əsa ilə özü sərbəst hərəkət etsə də artıq neçə illərdir ki, yataq xəstəsidir. Valideynlərinin sözlərinə görə həkimlər Rafiqin müalicəsinin xaricdə mümkün olduğunu bildiriblər. Ancaq xeyli vəsait tələb olunduğundan apara bilmirlər.
Məlum oldu ki, Rafiq Hacıyevin döyüş yoldaşları ilk dəfə deyil onunla maraqlanırlar. Onun həyətə gediş-gəlişini asanlaşdırmaq üçün yaşadığı evin divarına bitişik hamam tikdirmək üçün təşəbbüs göstəriblər və müəyyən qədər vəsait ayırıblar. Artıq işlər sona çatmaq üzrədir. Bu görüşdə isə əlil arabası alınaraq Rafiqin istifadəsi üçün valideynlərinə təqdim edildi və maddi köməklik göstərildi.
Görüş zamanı Laçın rayon İcra Hakimiyyəti başçısının müavini, Qarabağ müharibəsi Döyüşçüləri, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Laçın rayon şöbəsinin sədri Babək Aslanov bildirdi ki, Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun göstərişinə uyğun olaraq bütün döyüşçülərlə, veteranlarla və şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirir, yataqda olanlara gedib evlərində baş çəkir və maddi ehtiyaclarını ödəmək üçün imkan daxilində köməklik edirik. Biz bu görüşləri hər zaman davam etdirəcək, müharibədən əziyyət çəkmiş insanların ehtiyaclarını ödəmək üçün müəyyən tədbirlər həyata keçirəcəyik. Biz çalışacağıq ki, Rafiqin müalicəsinin xarici dövlətlərin birində davam etdirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldıraq və onun reallaşmasına nail olaq. Sözsüz ki, bu gün iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət aparmaq qabiliyyətinə malik olan Azərbaycan dövlətinin rəhbərliyi ehtiyacı olan vətəndaşlara, xüsusən də Qarabağ müharibəsində öz sağlamlığını itirmiş insanlara hər cür qayğı göstərir, onların həyat şəraitinin yaxşılaşması üçün müvafiq addımlar atır.
Rafiq Hacıyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, rayon rəhbərliyinə və döyüş yoldaşlarına minnətdar olduqlarını bildirdilər.