Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanlara nur paylayan nəcib insan

28 aprel 2022 | 16:00

    Oftamologiya elminin inkişafında müstəsna xidmətləri olan,  Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, geniş qəlbli, nəcib qadın Zərifə xanım Əliyeva öz əməli fəaliyyəti ilə xalqımızın qəlbində əbədi yaşayır.  
   Zərifə xanımın  oftalmologiya elminin inkişafında misilsiz xidmətləri danılmazdır. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmış, gəldiyi qənaətlər və nəticələr böyük uğurlara yol açmışdır.
1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi dəyərli həkimin oftalmologiya elminin zirvəsində olmasının təsdiqi idi. Həmçinin, o həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademiki Aberbax mükafatına layiq görüldü. Bunlar onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi. Zərifə xanımın alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.
    Zərifə Əliyeva  eyni zamanda  gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərirdi. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir.  Akademikin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, oftalmoloq Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir.
  Zərifə Əliyevanın ulu öndər Heydər Əliyev ilə  ailə qurması da Azərbaycanın gələcək həyatının həll olunmasına təsir etdi. Beləliklə,  Zərifə Əliyevanın taleyinə daha bir missiya, Heydər Əliyev kimi dahi şəxsiyyətin, müdrik dövlət başçısının həyat yoldaşı, əqidədaşı olmaq yazıldı. Və o bu möhtəşəm missiyanı öz  zərif, ancaq dəyanətli çiyinlərində ömür boyu sonsuz qürurla, tükənməz fərəhlə daşıdı. Müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lider mövqeyinə yüksəlmiş Heydər Əliyev bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı.
Akademik  Zərifə Əliyevaya şəxsiyyət kimi ən doğru dəyəri ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyev verib. 1995-ci ildə Zərifə xanımın məzarı qarşısında: “Zərifə xanım çox böyük alim olub. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, Mənim həyatımı xoşbəxt edib, Mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, Mən bu qəmdən ayrıla bilmirəm”, - deyərək səmimi, ülvi, bir qədər də kövrək hisslərlə onu belə ehtiramla yad etməsi insanda qeyri-adi hisslər oyadır.
   Zərifə xanım Əliyeva müqəddəs ana olaraq  Azərbaycan xalqının yolunda  bütün varlığı ilə xidmət edən, xalq üçün, dövlət üçün çalışan, Azərbaycanı uğurdan-uğura aparan vəfalı, vətənpərvər övlad- cənab Prezident İlham Əliyevi  tərbiyə edib.    Zərifə xanımın ruhu bu gün  şaddır, çünki böyüdüb, tərbiyə etdiyi övladı Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. 30 illik Qarabağ həsrətinə son qoyaraq  Azərbaycanın ərazi bütövlüyünü bərpa edən yenilməz sərkərdə  kimi adını əbədi olaraq tarixə yazdırıb, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradıb və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrilib. Möhtəşəm  Zəfərdən sonra Qarabağın dirçəldilməsi üçün icra olunan layihələr, azad olunmuş torpaqlarımızda keçirilən möhtəşəm tədbirlər Müzəffər Ali Baş Komandanın nə qədər qətiyyətli və vətənpərvər olduğunu bir daha nümayiş etdirir. Cənab Prezidentin Ulu öndərin məzarını ziyarət edərək  xalqımıza Zəfəri müjdələməsi və “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri bir daha  Əliyevlər ailəsinin hər bir üzvünün əsas amalının Azərbaycanın uğurlu sabahı və inkişafı olduğunu göstərir. 
    Zərifə xanımın xarakterində olan qayğıkeşlik, mehriban münasibət, imkansızlara əl uzatmaq kimi əsl Azərbaycan qadınına xas olan ənənələrini  ölkənin  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da davam etdirir. Mehriban xanım  bütün dünyada Azərbaycan qadının  imicini yüksəldir. O, milli-mənəvi dəyərlərin qoruyucusu kimi çıxış edərək ölkədə təhsilin, mədəniyyətin və digər sahələrin inkişafına, ilk növbədə, uşaqlara, qadınlara, eyni zamanda qaçqın və məcburi köçkünlərə qayğı göstərir.
      Bu gün Zərifə Əliyevanın adı Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir.  Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini həmişə əziz tutur.

Keçidlər