Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri hərb tariximizin şanlı səhifəsidir

06 aprel 2022 | 16:00

      Qəhrəmanlıq salnaməsi kimi xalqımızın tarixinə  düşən 2016-cı il Aprel döyüşlərinin  6-cı  ildönümü  tamam olur.   2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun  əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıldığı Aprel döyüşlərinin  ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Xalqımızda  Qarabağın işğaldan azad olunması ilə bağlı inamı daha da artıraraq ordumuzda ruh yüksəkliyi yaradan bu döyüşlərdə Ermənistanın yaratdığı "keçilməz sədd"i ordumuz dağıtdı və Azərbaycan Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Ən önəmlisi isə odur ki, Suqovuşan-Ağdərə istiqamətində gedən yollar Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçdi. Aprel ayında əldə edilən  qələbə  növbəti zəfərin müjdəsi olmaqla   bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağı günün uzaqda olmadığını  göstərdi.
         Aprel döyüşləri,  uzun illərdən bəri  ölkə Prezidenti , Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurla davam edən ordu quruculuğu sahəsində həyata keçirilən islahatların və müasir hərbi-texniki bazanın gücləndirilməsi nəticəsində nələrə qadir olduğumuzu və Azərbaycanın, ərazi bütövlüyünü bərpa etməkdə nə dərəcədə istəkli olduğunu bütün dünya anlatdı. Bütün qonşularımız, o cümlədən də Ermənistanın havadarları tam olaraq anladılar ki, Azərbaycan nəyin bahasına olursa olsun torpaqlarnı işğaldan azad edəcək ki, xalqımız  bunu 44 günlük Vətən müharibəsində tam sübut etmiş oldu.
         Ən əsası isə odur ki, Aprel döyüşləri zamanı Xalq-Lider-Ordu birliyinin vəhdətinin şahidi olduq. Bu birlik nəticə etibarı ilə bizə həm Aprel Zəfərini, həm də Vətən müharibəsi zamanı möhtəşəm Qələbəni qazandırdı.
Bu illər ərzində  səbirsizliklə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin döyüş əmrini gözləyən vətən oğulları 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıq, şücaət nəticəsində   30 ilin işğalına son qoyaraq bunun  böyük hazırlığın, döyüş ruhunun, torpaq, Vətən sevgisinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsi olduğunu dünyaya göstərdi.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, torpaqlarımız tarixi sahibindədir, azaddır və yenidən canlandırılaraq, dirçəldirilir. 
Bu günlər respublikanın bütün bölgələrində olduğu kimi laçınlı köçkünlərin məskunlaşdıqları bütün ərazilərdə , xüsusilə rayonun idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta Körpü ərazisində də tarixi Aprel döyüşləri ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir, bu döyüşlərin mahiyyəti gənc nəslə geniş izah olunur. Bu tədbirlər daxilində  Laçın Rayon İcra Hakimiyyəti rəhbərliyi və YAP Laçın rayon təşkilatı,  rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə laçınlı Aprel şəhidi Məmmədov Ülvin Camaləddin oğlunun ailəsi ilə görüşərək şəhidin qəbrini ziyarət etmiş, qəbirüstü abidəsinə tər qərənfillər düzərək  bütün Şəhidlərin ruhunu ehtiramla yad edərək, Allahdan onlara rəhmət diləmişlər.
Görüşdə   şəhid Ülvin Məmmədovun döyüş yoluna nəzər salınaraq göstərdiyi igidlik və şücaətdən söhbət açılaraq  valideynlərinə belə vətənpərvər, dövlətini, xalqını, torpağını sevən gənc  böyütdükləri  üçün onlara təşəkkür bildirilmişdir. Həmçinin qeyd edilmişdir ki, illər keçsə də  Şəhidlər unudulmayacaq,  bugünkü və gələcək nəsillər onların qəhrəmanlığından nümunə götürəcəklər. Aprel döyüşlərində qazanılmış qələbədən sonra ölkə gənclərində  vətənpərvərlik ruhunun daha da yüksəldiyi,   Ali Baş Komandanın əmrlərinə hər an  hazır olduqları böyük əminliklə qeyd olunmuşdur. Xüsusilə, o da vurğulanmışdır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, əlillərə və döyüş iştirakçılarına diqqət və qayğısı davamlıdır, tükənməzdir.  Dövlətimizlə yanaşı, hər bir Azərbaycan vətəndaşı şəhid ailələrini, qazilərimizi, döyüş iştirakçılarını diqqətdə saxlayır və saxlayacaqdır deyə qeyd olunmuşdur.
       Şəhidin  valideynləri və yaxınları onlara göstərilən hərtərəfli  diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər