Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunur
Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq, davamlı şəkildə məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu tədbirlərin tərkib hissəsi olaraq, Novruz bayramı ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Ağcabədi rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrinin evlərində olmuş, həmin şəhid ailələrini ziyarət etmişdir. Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki qəsəbələrdə, ərazidəki Alxaslı obasında və Ağcabədi rayonunun Aran kəndində yaşayan laçınlı şəhid ailələri ilə keçirilmiş görüşlər zamanı aprel müharibəsi şəhidi Məmmədov Ülvin Camaləddin oğlunun, Vətən müharibəsi şəhidləri Şahvələdov İlyas Etibar oğlunun, Cabbarov Elnur Şahmurad oğlunun, Əliyev Nihad Heydər oğlunun, Nəcəfov Etibar Mehman oğlunun valideynləri və ailə üzvləri şəhidlərimiz haqqında xatirələrini bölüşmüş, onların keçdikləri döyüş yolu, qəhrəmanlıq salnamələri və mükafatları haqqında danışıblar. Rayon rəhbəri Vətən Müharibəsi zamanı möhtəşəm Xalq-Ordu birliyindən hamının qürur duyduğunu, şəhidlərimizin həyat yolunun və qəhrəmanlıqlarının yetişən gənc nəslə bir nümunə olduğunu vurğulamış, bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Görüşlərdə Laçın rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, habelə Qarakeçdi, Qorçu və Alxaslı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Şəhid ailələri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.