Laçınlıların müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisində əkin sahələrinin suvarılması işlərinə başlanılmışdır
Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Laçın rayonu üzrə də bu istiqamətdə ardıcıl tədbirlər görülür. Tədbirlər planına uyğun olaraq, cari ilin ötən dövrü ərzində ərazidəki suvarma kanallarında xeyli lildən təmizlənmə işləri aparılmış, su ötürücü nasos stansiyalarında təmir işləri başa çatdırılaraq xidmət üçün yararlı vəziyyətə gətirilmişdir. Eyni zamanda, cari ilin təmir planında 125 ədəd hidrotexniki qurğu, 17 ədəd nasos stansiyası təmir olunmuş, ərazidəki Fingə-1 obasına çəkilmiş torpaq macəralı kanalda su itkisinin qarşısını almaq üçün kanalın 950 metr hissəsinə beton üzlük çəkilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən mütəmadi olaraq rayon sakinlərinin, eləcədə fermer və sahibkarların suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi nəzarətdə saxlanılır. Vaxtaşırı olaraq sakinlərin suvarma suyundan səmərəli istifadəsi məqsədilə aidiyyətı qurumların rəhbərləri ilə birlikdə məsləhətləşmələr aparılaraq, suvarma dövründə suyun ədalətli bölgüsü barədə onlara müvafiq tövsiyələr verilir.
Hazırda Laçın Suvarma Sistemləri İdarəsinin balansında 12600 hektar suvarılan sahə mövcuddur. Bu sahələr əsasən çoxillik yem bitkiləri, qismən taxıl, həmçinin 450 hektarı həyətyanı sahə, 80 hektarı isə meyvə-tərəvəz və bostan bitkilərindən ibarətdir. Ötən ildə 11310 hektar sahədə 3.5 dəfə olmaqla, sahələrdə suvarma işləri aparılmış, hazırda suvarma işləri davam etdirilməkdədir.