Şriftin ölçüsü :

Saytın rəngi :

Q A Ç A Q M A L Ç I L I Q

02 mart 2022 | 16:00

   “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” – Ümummilli lider Heydər Əliyev bu sözləri əbəs yerə deməmişdi. Gömrük xidmətini dövlət müstəqilliyinin əsas atributlarından biri hesab edən ulu öndər həm də ölkənin milli, iqtisadi təhlükəsizliyi baxımından qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi altında 1995-ci ilin əvvəllərindən respublikada gömrük işinin yenidən qurulmasına başlandı.
   Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi ərazi, Şərqlə Qərb, Şimalla Cənub arasında tranzit rolunu oynaması, regionda qeyri-stabil kriminogen halların yaşanmasını qaçılmaz edir. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində son dövrlərdə gömrük rüsumundan və gömrük nəzarətindən yayındırılaraq gömrük sərhədindən keçirilməsinə cəhd edilən xeyli miqdarda mal, o cümlədən, qızıl, brilliyant və digər qiymətli daşlar kimi valyuta sərvətləri, qiymətli metallar, xaricdə istehsal olunan tütün məmulatları, spirt və spirtli içkilər, balıq kürüsü, xarici valyuta, bədii, tarixi, mədəni əhəmiyyət kəsb edən əşyalar, külli miqdarda saxta valyuta, dərman preparatları, ərzaq məhsulları, silah hazırlamaq üçün ləvazimatlar, tanklar və təyyarələr üçün ehtiyat hissələri, odlu və digər silahlar aşkar olunub. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələr, psixotrop maddələr və prekursorlar qanunsuz dövriyyədən götürülüb.
   Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız xeyli miqdarda, yəni 50.000-dan (əlli min manat) yuxarı, lakin 200.000-dan (iki yüz min manat) artıq olmayan məbləğ, yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Qeyd olunan maddə ilə məsuliyyət hansı hallarda yaranır ? Bunun üçün əvvəlcə Azərbaycan Respublikasının gömrük sərhədi dedikdə nə başa düşülür ona nəzər yetirək. Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. Malların və ya əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Mallar və əşyalar dedikdə isə Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 135-ci maddəsinə nəzər yetirək. Qeyd olunan maddəyə əsasən mallara və digər əşyalar dedikdə, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə isə həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Qaçaqmalçılıq zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etmə dedikdə, gömrük orqanlarına CM-nin 206-cı maddəsində göstərilmiş malların və ya digər əşyaların keçirilməsi üçün saxtalaşdırılmış və ya qeyri-qanuni yolla əldə olunmuş, yaxud başqa mallara aid olan, habelə hüquqi qüvvəsi olmayan sənədlərdən, eləcə də saxta gömrük plomblarından, möhürlərdən, markalardan, ştamplardan və digər eyniləşdirmə vasitələrindən istifadə olunması başa düşülür. Bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür.
Buna görə şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, şəxs malların və digər əşyaların şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-nin 206-cı maddəsinin qeydinin 1-ci bəndinə əsasən xeyli miqdar təşkil etmiş olsun.  Azərbaycan Respublikasının CM-nin 206.2-ci maddəsində nəzər yetirdikdə isə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi qeyd olunmuşdur. CM-nin 206.2-ci maddəsində qeyd olunan əşyaların miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi cinayət məsuliyyəti yaradır.
Bu gün əminliklə demək olar ki, Azərbaycan gömrük xidməti ulu öndərin dediyi kimi, sözün həqiqi mənasında Azərbaycan Respublikasının müstəqilliyinin əsas atributlarından birinə çevrilib. Dövlət büdcəsinin formalaşması, milli iqtisadiyyatın stimullaşdırılması, istehlakçıların mənafeyinin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi çoxşaxəli funksiyaları ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şərəflə yerinə yetirən Dövlət Gömrük Komitəsi öz inkişafı ilə dünya gömrük ailəsində layiqli yerini tutur. Bu uğurlar eyni zamanda Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin uğurlarıdır.


Laçın rayon prokurorluğu

Keçidlər