“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”dür
2022-ci il 1 mart tarixdə Laçın Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının təşkilatçılığı ilə “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı Laçın Rayon Kommunal Müəssisələri Kombinatında tədbir keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının rəisi Elsevər Yusifov tədbirdə çıxış edərək, rayon üzrə mülki müdafiə sahəsində görülən işlər barəsində ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. O, bu tədbirin keçirilməsində məqsədin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsindən, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsindən ibarət olduğunu bildirmiş, ötən il bu istiqamətdə aidiyyəti qurumlarla birlikdə keçirilmiş tədbirlərdən söz açmışdır.
Səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsi sahəsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında danışılmış, mülki müdafiə sahəsində hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanmışdır.
Daha sonra tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.